Zahir Əzəmət: Biz inkubator çolpalarına oxşayırıq…

Zahir Əzəmət 1975-ci il aprelin 25-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Yaradıcılığa 12 yaşından başlayıb. İlk şeirləri 1990-cı ildə “Lənkəran” qəzetində dərc olunub. Şeirləri gürcü, rus, ingilis dillərinə tərcümə olunub. İnsanların çoxu onu “ədəbiyyat fədaisi” adlandırır.

Zahir Əzəmətin Yeniçağ.az-a verdiyi müsahibəsini təqdim edirik:

– Zahir Əzəmətin ədəbiyyata marağı haradan və necə yaranıb?

– Çox erkən yaşlarımdan yazdığımı xatırlayıram. İlk dəfə çap olunanda 14 yaşım vardı. Sovet dövrü idi, Lənkəranda 70 min tirajla çıxan “Leninçi” qəzetində bir şeirim işıq üzü gördü. Hərçənd qəzetin adı və tirajı indi qəribə görünsə də, o sevinc və həyəcan hissini heç unutmadım. Yazmağa isə hardasa 10-12 yaşlarımdan başlamışdım. Bunun necə baş verdiyini indi xatırlamaq çətindir. Amma xatırladığım odur ki, şeir yazdığımı hər kəsdən gizlədirdim. Sanki pis bir iş tuturdum. Bir dəftər ayırmışdım və ora şeirlərimi o vaxtkı kiril hərfləri ilə yox, ingilis hərfləri ilə yazırdım. Evdəkilər elə bilirdi ki, ingilis dilinin tapşırıqlarını hazırlayıram. Bir gün sinifdə mənimlə eyni partada oturan qız dəftərlərimi vərəqləyərkən bunun fərqinə vardı, məni ədəbiyyat müəllimimizə “ələ” verdi, beləcə, sirrimin üstü açıldı.

– Niyə pis iş tutduğunuzu düşünürdünüz ki?

– Pis deməyək, munis bir hiss kimi gizlədirdim. Elə bilirdim hamıdan gizli saxlanmalı bir duyğudur. Uşaq idim də…

– Sizin cəmi bir şeir kitabınız var…

– İlk və sonuncu şeir kitabımı 2006-cı ildə çap etdirmək imkanı qazandım. O vaxta qədər yazdıqlarımın böyük bir qismini kitaba daxil etmədim. Ora daxil etdiklərim zənnimcə, ən uğurlu şeirlərimdir. Adını “Divar yazıları” qoydum. O kitabı bu gün çap etməli olsaydım, güman ki, şeirlərin yarısından çoxunu kənara qoyardım. O kitabdan sonra mətbuatda xeyli şeirlərim dərc olundu. Amma ayrıca kitaba çevrilməsinə ehtiyac görmədim. Anladım ki, ikinci bir şeir kitabı buraxsam da, birinci ilə müqayisəyə gələ bilməz. Ola bilsin ki, gələcəkdə hamısını yenə bir kitab halına saldım, amma indilik şeir dalğasında deyiləm. Son illərdə demək olar ki, şeir yazmıram. Sevinc Çılğın demişkən, şair öz ilham pərisi ilə evlənəndə axırı belə olur. İkinci kitabım “Balaca adam”a isə publisistikam və esselərim toplanıb. Romana gəlincə isə… hələ buna hazır deyiləm.

– Demək istəyirsiniz ki, ilham pəriniz Sevinc Çılğın şeir yazmanıza mane olur?

– Həm də necə! Deyir bütün yaxşı şeirləri daha özüm yazacam (gülür).

– Nə əcəb roman yazmağa maraq göstərməmisiniz?

– Yazmaq xatirinə, mənim də bir romanım olsun deyə, yazmağı düşünmürəm. Ara-sıra hansısa mövzular məni narahat edəndə, ani bir fikir kimi ağlımdan keçməmiş deyil, amma hələ ki, bu istək qalıcı olmur, məni yazı masasına itələmir, özünü yazdırmağı diktə etmir. Həm də roman yalnız hansısa maraqlı əhvalatı nəql etmək deyil, yeni xarakterlər, fərqli dil, yeni üslub, dərin səmimiyyət, bəşəri problemlərdən heç olmasa birinə yeni baxış deməkdir. Nəsri şeirdən fərqləndirən digər əsas məqamlardan biri də odur ki, onu yazmaq üçün ilham pərisini gözləmirsən. Yaxşı bir romanın üzərində müəllif bəzən illərlə çalışmalı olur, araşdırmalar aparır, gündəlik iş kimi məşğul olur. Bu halda hansı ilhamdan danışmaq olar? Bəlkə bir hekayəni ilhamla yazarsan, amma romanı əsla! Ona görə də öncə şair olanın, sonra roman yazmağa başlaması həmişə uğurlu olmur. İçindəki şairi basdırmadan yazıçını doğurmaq mümkündürmü? Buna şübhə ilə yanaşıram. O mənada son illər şeir yazmasam da, içimdəki o şair hələ də diridir. Sadəcə dərinlərdədir, gizlənmiş kimidir, indi ünsiyyətə girmək üçün yeni dil, yeni pəncərə axtarır. Bacaracaqmı, bilmirəm.

– Sizcə, ədəbi mühitdə yazmaq xatirinə yazanlar varmı və kimlərdir?

– (gülür) Yox, əşşi, bizdə elə yazar yoxdur, əlhəmdülillah. Belə hallara daha çox Uqandada rast gəlinir.

– Kitabına “Divar yazıları” adını qoymaqla Zahir Əzəmət hansı mesajı vermək istədi?

– Divar yazıları – indiki çağın estetikasını ehtiva edir. Sürətli, fani, günün içindən… Divara yazılan bir elan qədər ani, amma vacib… Məsələn, məncə günümüzün şeiri şəhərin divarlarına yazılan müxtəlif elan, söyüş və sloqanlardır. Məsələn, “bura zibil atan eşşəkdir” kimi misradan bizi gözəl ifadə edən başqa nə var? Və yaxud bir avtobusda “itən əşyalara sürücü və konduktor cavabdeh deyil” bildirişi qədər günümüzü, ölkəmizi xarakterizə edəcək başqa bir fəlsəfi deyim tapmaq olarmı? Bu gün başımıza çox şeylər gəlir, amma heç kim məsuliyyət daşımır, özümüzü bir çox hallarda bir əşyadan da dəyərsiz hiss edirik. Heç bir şeir, heç bir roman bugünkü Azərbaycanı avtobusdakı həmin bildiriş qədər dəqiq xarakterizə edə bilməyib hələ ki. Şeir kitabımdakı əksər şeirlərin epiqrafları məhz bu kimi elan-bildiriş-divar yazıları olduğu üçün adı özü-özlüyündə yaranmış oldu.

– Demək istəyirsiniz ki, yazılan romanların, şeirlərin heç birində bügünkü Azərbaycan xarakerizə olunmayıb?

– Məncə, bu qədər dəqiqliklə yox…

– Bəs niyə “Balaca adam”?

– “Balaca adam” kitabı isə Elçibəy haqqında yazdığım eyniadlı esse ilə bağlıdır. Və həm də kitab ümumilikdə balaca adamlar haqqındadır, böyük adamlardan daha saf, daha təmiz, daha gözəl insanlar haqqında.

– Səhv etmirəmsə internet portalınız var. Bu, yaradıcılığınıza mane olmurmu?

– Uzun illərdir ki, internet layihələrlə işləyirəm. Məsələn, Qaynarinfo.Az xəbər portalının aprel ayında 10 yaşı olacaq. Bu kimi müxtəlif sayt layihələrim var. Sevdiyim və yaxşı bacardığım işdir. Onun da özünəməxsus poeziyası var. İnsanın gördüyü iş bir halda yaradıcılığına mane ola bilər ki, adam sevmədiyi işlə məşğul olsun.

– Azərbaycan mətbuatının bugünkü durumunu necə xarakterizə edərsiniz?

– Pis… Özünü dolandırmağa imkan verilməyən, əli-qolu bağlı, kasıb, reklamsız, ələbaxan dişsiz… Necə deyərlər, mediamız bu mənada doğrudan da cəmiyyətin aynasıdır.

– Niyə məhz cəmiyyətin aynası?

– Axı o da “az aşım, ağrımaz başım” süarı ilə yaşayır.

– Bəs niyə yazmırsınız?

– “Niyə yazmıram” sualının cavabı işimlə bağlı deyil. Səbəblərini qismən də olsa artıq izah etdim. Həm də bütün ömrüm boyu mütləq şeir yazmalı, 10-15 kitab buraxmalıyam deyə, bir şey yoxdur. 10-15 maklaturaya çevriləcək kitabımdansa, 3-5 adam balası kimi şeirim olsun, daha yaxşıdır.

– Ədəbi tənqidin başlıca problemini nədə görürsünüz?

– Tənqidimizin boyu elə ədəbiyyatımız qədərdir. Problemləri də eynidir, oxşardır. Heç birisi daşıya bilməyəcəyi yükün altına girmir, yeni üfüqləri kəşf etməyə can atmır, süst düşüb, məğlubiyyətdən qorxur, özünü güllə qabağına atmır, ictimai rəyin arxasınca gedir, asfalt yolda “şəpitlə” şellənir, tikanlığa vurmur özünü, savadı, cəsarəti və istedadı bir arada tuta bilmir, doğma dairəsində fırlana-fırlana qalıb… daha doğrusu qalmışıq…

– Yaradıcı insanın bir qanadı istedaddır. İkinci qanadı nədir?

– Maraqlıdır, niyə elə düşünürsünüz ki, yaradıcı adamın iki qanadı var? Və ya ümumiyyətlə qanadları var? Bəlkə uçaqlar kimi vahid pərlə qalxır buludların üzərinə? Mən yer adamıyam, balaca adamlarla bir küçədə, bir şəhərdə, bir ölkədə yaşayıram. Həm də elə bir ölkədə ki uçmaq ümumiyyətlə, qadağandır. Qanadlarımız olubsa da çoxdan yolunub. Biz indi daha çox inkubator çolpalarına oxşayırıq, nəinki qanadlı mələklərə.

– Böyük rus şairi Boris Pasternak hansısa şairi tərifləyərkən, ondan təəccüblə soruşublar ki, “O necə yaxşı şair ola bilər? O axı çox pis adamdır”. Sizcə, pis adam yaxşı şair ola bilər?

– Ola bilər. Özünü yazmağa səmiyyəti, cəsarəti çatarsa… Rembo kimi, Bodler kimi… Qoy fərqli olduğunu, daha yaxşı uzunqulaq, daha yaxşı pis, daha yaxşı əclaf olduğunu isbatlasın, onda “əclaf yaxşı şairdir” demərikmi? Deyərik! Yetər ki, fərqli estetika qoysun ortaya. Amma özü uzunqulaq, şeirlərində mələk olmaq istəyirsə, əlbəttə, olmaz.

Gülnarə Eynullaqızı
Yeniçağ.az