Zakir Fərəcovun qanunlara meydan oxuyan TƏYİNATI: Seymur Məmmədov öz sələfinin “torba”sını necə tikib?

Dələduzluğa görə məhkəmə cəzası alan Seymur Məmmədov Zakir Fərəcovun şübhəli himayəsi sayəsində yüksək vəzifəyə irəli çəkilib.

Ötən həftə “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədovun dələduzluq maddəsi ilə 5 il şərti cəza alması ilə bağlı oxucularımıza məlumat vermişdik.

Həmin materialda bildirmişdi ki, Seymur Məmmədov “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsinə təyinat almazdan cəmi bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub və barəsində 5 il müddətinə şərti həbs hökmü çıxarılıb.Qeyd edək ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıblar. Bundan başqa, Seymur Məmmədov və adıçəkilən ortağı zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini də ödəməli olublar.

Məsələ ilə bağlı Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədovu “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsinə təyinatı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun birbaşa himayəsi və qərarı əsasında gerçəkləşib. Seymur Məmmədov həmin quruma öncə baş direktorun müavini, daha sonra isə baş direktor təyin edilib.Qeyd edilir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək vəzifəyə irəli çəkdiyi Seymur Məmmədovun dələduzluq maddəsi ilə cəza almasından xəbərdar olub. Redaksiyamızı bu barədə məlumatlandıran mənbənin bildirdiyinə görə, Seymur Məmmədovun məhkəmədə yüngül cəza almasında da Zakir Fərəcov həlledici rol oynayıb.

Daxil olan məlumatda xüsusi vurğulanır ki, “Sumqayıt Bulvar” MMC-nin baş direktoru yaxın ətrafındakı şəxslərlə söhbətində onun himayədarının Zakir Fərəcov olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmir.

Yenicag.az-a daxil olan digər iddiada o da bildirilir ki, “Sumqayıt Bulvar” MMC-nin sabiq baş direktoru Yavər Vəliyevin vəzifəsindən çıxarılması da Seymur Məmmədovun keçmiş patronu üçün hazırlatdığı “torba”nın sayəsində baş tutub. Belə ki, Yavər Vəliyevin vaxtilə Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkdirməsi ilə bağlı ölkə mətbuatına məlumatın məhz Seymur Məmmədov tərəfindən ötürüldüyü iddia edilir.Qeyd edək ki, Seymur Məmmədovun “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsinə təyin edildikdən sonra bulvarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yönəlik müxtəlif icarə qiymətlərini və qanunsuz ödənişlərin məbləğini artırdığı deyilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Bu barədə növbəti materialda Seymur Məmmədovun Sumqayıt bulvarında apardığı “yeniliklərlə” oxucularımızı tanış edəcəyik.

COP29