Zakir Həsənov belaruslu həmkarı ilə əməkdaşlıq planı İMZALADI

“Müxtəlif beynəlxalq platformalarda ölkələrimiz aktiv fəaliyyət göstərir, bir-birini dəstəkləyir və maraqlarını müdafiə edir”.

Yenicag.az xəbər verir ki, bunu bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regiondakı siyasi və təhlükəsizlik məsələlərinə toxunarkən deyib.

Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən general-leytenant V.Xrenin ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin daha da genişləndirilməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

 

COP29