Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.
Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra nazir səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.
Daha sonra general-polkovnik Z. Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini şəxsi heyətə çatdıran Müdafiə naziri, dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran nazir, hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.