Silahlı Qüvvələr miqyasında davam edən komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib.
Yenicag.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini, eləcə də döyüş atışlarını izləyib.
Ssenariyə əsasən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında olan enerji infrastrukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması, aviasiyanın dəstəyi ilə şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetirilib.
Xüsusi təyinatlıların şəxsi heyəti, döyüş gəmiləri, katerlər və helikopterlərin cəlb olunması ilə keçirilən təlimlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.