Zakir Həsənovdan təbrik

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Yenicag.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazir təbrik mətnində generallar, zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matrosları təbrik edib, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayıb.

“Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizin dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər, həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi və qorunub saxlanılması dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – məktubda qeyd olunub.

Məktubda həmçinin vurğulanıb ki, Azərbaycan xalqının qədim dövrlərdən qeyd etdiyi bayramlar sırasında həmrəylik, bərabərlik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssüm tapdığı Qurban bayramı da ölkədə geniş şəkildə keçirilir: “Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və iqtisadi tərəqqi şəraitində xalqımız bu bayramı da özünəxas təntənə ilə qeyd edir”.

“Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirən döyüşçülərimizi və müharibə veteranlarını da bayram münasibətilə təbrik edirəm. İnanıram ki, hərbi anda və nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, respublikamızın ərazi bütövlüyünün təmin edilməsinə hər an hazır olacaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”, – məktubda bildirilib.

Yenicag.az

COP29