!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zakir Həsənovun fikirləri Rusiyanın özünə də ciddi mesajdır” – Polkovnikin şərhi

!Reklam – Yazi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər geniş rezonans doğurub.

Yenicag.Az xəbər verir ki, general-polkovnik Zakir Həsənov həmin müsahibəsində 2016-cı il aprel döyüşləri, Ermənistanın əldə etdiyi “İsgəndər” raketlərinin zərərsizləşdirilməsi, Azərbaycan Ordusunun işğalçı ölkəni cəmi 3 gün ərzində diz çökdürmək gücündə olması və digər mühüm məqamlara toxunub.

Müdafiə nazirinin müsahibədə səsləndirdiyi əsas fikirlər sırasında danışıqlar prosesinin nəticə vermədiyini və hərbi əməliyyatların yenidən bərpa olunmasının mümkünlüyünü ən qəti şəkildə bəyan etməsi xüsusi yer tutur. O, Azərbaycanın öz ərazi bütövlüyünü mütləq bərpa edəcəyini əminliklə bildirib.

Azərbaycan müdafiə nazirinin bu müsahibəsi istər ölkə daxilində, istərsə də kənarda rəsmi Bakının Qarabağ münaqişəsinin həllinə dair mövqeyinin sərt ifadəsi kimi qiymətləndirilib.

Zakir Həsənovun qeyd olunan fikirlərini Yenicag.Az-a dəyərləndirən polkovnik Şair Ramaldanov hesab edir ki, müdafiə nazirinin söylədikləri Azərbaycanın dünyaya qəti mesajı kimi qəbul edilə bilər:

“Əslində, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müsahibəsində səsləndirilən fikirləri Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ən qəti şəkildə bəyan edib.

Zakir Həsənov isə müdafiə naziri olaraq, o məsələləri detallı formada, hərbçi yanaşması ilə təqdim edib. Onun ötənilki aprel döyüşləri ilə bağlı söylədikləri təbii ki, reallıqdan irəli gəlir. O zaman məhz Rusiyanın vasitəçiliyi ilə əməliyyatlar dayandırıldı və iki ölkənin Baş Qərargah rəisləri Moskvada müqavilə imzaladılar.

Nazirin Ermənistandakı “İsgəndər” raketləri ilə bağlı dedikləri də reallıqdan irəli gələn mövqedir. Həqiqətən də, Azərbaycanın arsenalında olan müasir raket sistemləri “İsgəndər”ləri zərərsizləşdirməyə tam imkan verir. Yəni Ermənistan bilməlidir ki, çox güvəndiyi həmin raketlər onu müdafiə etmək gücündə deyil.

Zakir Həsənovun Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxartmaq üçün vurğuladığı 3 günlük müddət də reallığı əks etdirir. Hər halda Azərbaycanın bir hərbi birləşməsinin gün ərzində 20 kilometr irəliləyə biləcəyini nəzərə alsaq, o zaman bütün cəbhə boyu işğal edilmiş ərazilərin dərinliklərinə keçmək üçün 3 gün yetərlidir. Azərbaycan ordusu bu döyüş tapşırığını yerinə yetirmək iqtidarındadır.

Müdafiə nazirinin müsahibəsindəki əsas detallar sırasında onun danışıqlar prosesinin hələ də nəticə vermədiyini və Azərbaycanın öz ərazilərini hərbi güc yolu ilə azad etmək imkanında olduğunu qeyd etməsidir. Yəni Zakir Həsənovun o fikirləri bütün dünyaya, o cümlədən Minsk qrupunun həmsədri olan Rusiyanın özünə də mesaj sayılmalıdır. Bu, o deməkdir ki, Azərbaycan nəticəsiz danışıqların daha uzun müddət davam etməsinə dözmək niyyətində deyil. Ona görə də beynəlxalq vasitəçilər Ermənistana işğalçılıq siyasətinə son qoyması üçün təzyiqləri artırmalıdırlar. Əks halda, bu məsələni Azərbaycan ordusu həll edəcək”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv