Zakir Qaralov rusiyalı həmkarına müraciət etdi

Baş prokuror Zakir Qaralov “İzvestiya” qəzeti ilə bağlı rusiyalı həmkarı Yuriy Çaykaya müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciətdə qəzetin internet portalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, “İzvestiya” qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb. Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və “Azad Artsaxa xoş gəlmisiniz” yazılan lövhə əks olunub.