!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zalım diktator olan ölkədə müxalifətin əlindən heç nə gəlmir" - Politoloq rəyi

!Reklam – Yazi

2012-2013-cü illərdə Misir prezidenti olmuş Məhəmməd Mursi iyunun 17-də məhkəmə salonunda qəflətən dünyasını dəyişib.

Misir rəsmi dövlət televiziyasının məlumatına görə, eks-prezident Məhəmməd Mursi casusluq ittihamı ilə mühakimə olunduğu prosesin gedişində ürək tutmasından vəfat edib.

Məhəmməd Mursinin ölümü və bundan sonra “Müsəlman Qardaşlar”ın atacağı addımlarla bağlı politoloq Zərdüşt Əlizadə Yenicag.az-a danışıb.

Zərdüşt Əlizadə bildirib ki, Məhəmməd Mursi 5 min illik Misirin ilk və yeganə xalq tərəfindən seçilmiş prezidenti idi:

“Məhəmməd Mursi özü prezident seçilmək istəmirdi. Sadəcə olaraq “Müsəlman Qardaşlar”ının qələbəyə şansı olan bütün namizədlərini Mərkəzi Seçki Komissiyası ordunun tələbi ilə seçki prosesinə buraxmadı. Bu zaman “Müsəlman Qardaşlar” məcbur olub, professor Məhəmməd Mursinin namizədliyini irəli sürdülər. Məhəmməd Mursi vaxtilə Misir parlamentinin deputatı olmuşdu və çox savadlı bir ziyalı idi. ABŞ-ın Koliforniya ştatında raket texnologiyalarından doktorluq müdafiə etmiş insan idi. Seçkilərdə o qalib gəldi. Heç kimin gözləmədiyi halda ordunun namizədi Əhməd Əşrəfi seçkilərdə uduzdu. Ordu o vaxt çevriliş etməyi planlaşdırırdı, ancaq ABŞ-ın o zamankı Dövlət katibi Hillari Klinton qəti şəkildə çevrilişə qarşı çıxdı və ordu istəyindən geri çəkildi. Məhəmməd Mursi ölkəni idarə etməyə başlayanda ordunun dövlət büdcəsini və xalqın malını iştahla talamasına əngəllər törətməyə başladı. Ordu buna çox dözə bilmədi. Ona görə də yenidən küçə çıxışlarına göstəriş verildi. Guya liberal dəyərlərə inanan gənclər küçəyə çıxdılar, guya onlara atəş açıldı və təbii ki, bu Məhəmməd Mursinin göstərişi deyildi. Ordu ayağa qalxdı və guya diktatoru silah gücünə devirdi və həbs etdi. “Müsəlman Qardaşlar” hərəkatı hakimiyyətdən getdikdən sonra ordu bu təşkilatın minlərlə üzvünü həbs etdi və onları əzab-əziyyət, dəhşətli işgəncə ilə qətlə yetirdi. “Müsəlman Qardaşlar” faktiki olaraq siyasi fəaliyyətdən məhrum edildilər. Mursini qondarma ittihamlarla həbsxanaya saldılar. Təbii ki, bu müddət ərzində onun səhhəti də, mənəviyyatı da ciddi şəkildə sarsıldı. Əvvəlcə onu edam etmək istədilər, sonra dünyanın təzyiqindən çəkinərək ömürlük həbs cəzasına məhkum etdilər. Sonra isə gülünc bir iddia ilə, “Qatar kəşfiyyatına cəsusluqda” ittiham etdilər. Qatarın nə gücü var ki, kiçik bir ölkə nəhəng Misirə də nələrsə etsin?”.

Politoloq onu da qeyd edib ki, Mursinin ölümü gözlənilən qətl olub:

“Məhəmməd Mursinin ölümü tədricən hazırlanmış bir qətl idi. Məhəmməd Mursi Misirdə demokratiyanın, azad seçkinin rəmzi idi. Əbdül Fəttah əs-Sisi oğru və casusdur. O, diktatordur. Ordu Misirin bütün maliyyə və digər imkanlarını əlində cəmləyib, Misiri faktiki olaraq işğal edib”.

“Müsəlman Qardaşlar”ın atacağı addımlara gəldikdə isə, Zərdüşt Əlizadə bunları deyib:

“Əlində silah, qırıcı təyyarələr, bütün ölkənin maliyyə imkanları, xəfiyyələr, həbsxanalar olan ordu Misiri işğal edibsə, “Müsəlman Qardaşlar”ı nə edə bilər ki? Uzaqbaşı çıxıb küçədə dinc etirazlar edəcəklər. Onları da qıracaqlar. Min adam qırmış ordu, 10 min adamı qırmaqdan çəkinər? Zalım diktator olan ölkədə müxalifətin əlindən heç nə gəlmir”.

Səxavət
@Səxavət Məmməd

www.yenicag.az

3735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv