Zaminlərin kompensasiya məsələsi ilə bağlı nazirdən açıqlama

Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində problemli kreditlərin həlli ilə bağlı zaminlərin kompensasiya məsələsinə də toxunub.

Nazir “Zaminlərə də kompensasiya ödənilmə ehtimalı varmı” sualına belə cavab verib:

“Hesab edirəm hələ çox suallar olacaq. Aydındır ki, bu fərman vətəndaşlarımızın yaxşı mənada maraqlarına toxunan məsələdir. Maliyyə Nazirliyinin internet portalında xüsusi bölmə yaradılır. Çalışacağıq gələn həftənin əvvəlində artıq həmin bölmə hazır olsun. Bu xüsusi bölmədə tez-tez soruşulan suallara cavablar veriləcək. Fikirləşirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank da oxşar addımlar atacaq.

Çox güman ki, burada 3 tərəf prosesdə iştirak edir. Bank-borc verən kimi, borc alan və zamin duran. Borc alan öz öhdəliklərini hər hansı bir səbəbə görə yerinə yetirmək iqtidarında olmayanda zaminin bankda olan vəsaitindən, yaxud əmanətindən, hər hansı başqa ödənişlərindən bank avtomatik surətdə pulu silir.

Fərmanda yazılır ki, kompensasiyanı borcalana ödənilir. Ancaq həmin şəxsin bank qarşısında borcları varsa da, o ilk növbədə banka öz borclarını bağlamalıdı. Belə olan halda zaminlə onun arasındakı münasibətlər nədir? Ola bilsin, buna fərdi halda baxılmalıdır. Yəni zamin pulu borcalanın əvəzinə banka ödəyib və artıq onun borcalana qarşı öz tələbi yaranıb. Ona görə də bu məsələyə zaminlik müqaviləsi çərçivəsində baxmağa ehtiyac yaranır. Güman edirəm ki, biz bu məsələlərin həlli ilə məşğul ola bilərik”.