Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı əmlakı müsadirə olunub.
Yenicag.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Hacıyeva Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirə olunmasına razılıq verib.
Belə ki, bu qərar Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) daşınmaz əmlakın alınmasında apardığı 6 illik araşdırmanın nəticələrinə əsasən qəbul edilib. İllərlə davam edən araşdırmadan sonra Zamirə Hacıyeva faktlarla razılaşmalı olub.
2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu. Həmin ildə başlanan məhkəmə prosesində onun 30 milyon dollara yaxın əmlakının olduğu üzə çıxmışdı.
Zamirə Hacıyeva son on il ərzində “Harrods”da 16 milyon funt-sterlinq (34,811,200 AZN) alış-veriş edib və Ali Məhkəmə ona qarşı iki izahsız sərvət qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Cahangir və Zamirə Hacıyevanın Naytsbricdəki evi 2009-cu ildə 11,5 milyon funta alınıb.