Zaqatalada güclü külək yaşayış binasının dam örtüyünü uçurdu

Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün günorta saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində fasilələrlə güclü küləkli hava şəraiti müşahidə olunur.

Külək gecə saatlarında bölgənin Zaqatala rayonunda daha çox müşahidə olunub.

Nəticədə şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünü güclü külək uçurub, bir sıra ərazilərdə elektrik naqillərinin qırılmasına səbəb olub.

Hazırda şəhərin bir hissəsində, Yuxarı Tala, Aşağı Tala, Göyəm və bir neçə yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Səhər saatlarında aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün ərazidə işlər aparır.