!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada şok olay: “Evin pərdəsini açıb-bağlayır, mənə işarə verirdi...”

!Reklam – Yazi

Zaqatala rayonunda 1949-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində münaqişə zamanı həmkəndlisi Rafiq və onun qardaşı oğlu Valehi (adlar şərti verilib – red.) bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə Zaqatala rayonunun Mosul kəndində baş verib.

Aydın əvvəllər bir neçə dəfə qanunsuz olaraq onunla qonşuluqda yaşayan Zibeydənin evinə girib.

Aydın 23 iyun 2022-ci ildə saat 21.30-da Zibeydəyə baxıb həzz almaq məqsədilə onun həyətinə daxil olub. Bundan sonra səs-küy yaranıb və hadisə yerinə çağırılmış Zaqatala rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə nəfəri araşdırma aparıb.

Bundan sonra qonşular arasında gərginlik yaranıb. Aydın həmin gün saat 23.30-da yaşadığı evdən götürdüyü bıçaqla Zibeydənin qardaşı Rafiqin qarın nahiyəsinə endirib, daha sonra onun oğlu Valehə də xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Zibeydə onun qonşusu və həmkəndlisidir, münasibətləri normal olub: “Zibeydə ailə qurduqdan sonra əri ilə Rusiyaya getdi. Oradan qayıtdıqdan sonra qızı və bir oğlu ilə mənimlə qonşuluqda tək yaşadı.

Bir neçə dəfə Zibeydənin evinə müxtəlif adamların gəlib-getdiyini gördüm. Tez-tez mətbəxin pərdəsini açıb-bağladığına görə onun mənə işarələr verdiyini zənn etdim. Zibeydənin evinə ərinin əmisi oğlu Vahid gələndə bir neçə dəfə itmiş xoruzu tapmaq üçün onun həyətinə getdim. Hər dəfə öz həyətimdən Zibeydənin mətbəxin pərdəsini açıb-bağlamağını gördükcə, ona həm əlimlə, həm də fanar işığı vasitəsilə oraya gələ bilməyəcəyimi, məndən əl çəkməsi barədə işarələr verdim. Bu məsələ ilə bağlı Zibeydə hətta məni polisə də verdi. Zaqatala rayon Məhkəməsi tərəfindən cərimə olundum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 23 iyun 2022-ci ildə saat 20 radələrində öz həyətindən yenə də Zibeydənin pərdəni açıb bağlamaqla ona işarə etdiyinə görə onun həyətinə girib: “Zibeydə də evin qapısının ağzına çıxdı. Ona məndən əl çəkməyi məsləhət gördüm və həyətin qapısından çıxanda o, səs-küy salmağa başladı.

Zibeydənin səs-küyünə fikir vermədim, öz həyətimin qapısından içəri keçdim. Bir qədər sonra kəndin icra nümayəndəsi Elman və sahə rəisinin köməkçisi Samir oraya gəldi. Mənə Zibeydə ilə işimin olmamasını bildirdilər.

Zibeydənin mənə işarə etməməsini demək üçün yenidən onun həyətinə getdim. Orada olan şəxslər məni küçəyə çıxardlar, Zibeydədən üzr istəməyimi tələb etdilər. Mən də razılaşdım.

Elman və Samir məndən qabaqda gedən zaman həyətdə olan masanın üzərindəki bıçağı götürərək cibimə qoydum. Həmin şəxslərlə birlikdə həyətimin arxa qapısından küçəyə çıxdım. Küçədə Zibeydənin qardaşları Rafiq, Zahid, Zibeydənin oğlu Əli, Zibeydənin ərinin ögey bacısı oğlanları dayanmışdılar”.

Aydının ifadəsinə görə, Rafiq onun saçından tutaraq Zibeydənin yaşadığı həyətə nə üçün girdiyini soruşub: “Mən də küçəyə çıxaraq Zibeydədən üzr istəyəcəyimi, onun da məndən əl çəkməli olduğunu dedim. Məni şərləyə bilməyəcəklərini dediyim zaman arxadan kimsə yumruqla boynuma vurdu. Qabaq tərəfə gedərkən ətrafdan mənə yumruq və təpiklər dəyməyə başladı. Məni vuranlardan Rafiq, Zahid və Rafiqin oğlu Valehi görə bildim.

Bundan sonra Rafiq məni maşına mindirib polis şöbəsinə aparmaq istədi. Ayaqlarım yerdə olmaqla avtomobilin arxa oturacağına əyləşdim. Rafiqə ayaqqabımı geyinməyə icazə verməsini xahiş etdim. Rafiq yerdən ayaqqabımın birini götürərək başıma vurdu. Daha sonra yumruqla ağız nahiyəmə vurduğuna görə dodağım cırıldı.

Bu vaxt cibimdə olan bıçağı çıxararaq altdan Rafiqin qarnına soxdum. Ayağımı qaldıraraq Rafiqin ayağına keçirməklə itələdim.

Bu vaxt Rafiqin digər qardaşı Zahidin oğlu Valeh qabağımı kəsdi, məni yumruqla vurmaq istədi. Əlimdə olan bıçaqla Valehin hər iki qoluna xəsarət yetirdim. Bu vaxt polis əməkdaşı Samir və icra nümayəndəsi Elman məni tutdular. Əlimdən bıçağı aldıqdan sonra məni maşına mindirərək xəstəxanaya apardılar.

Rafiqi isə başqa maşına qoyaraq xəstəxanaya yola saldılar. Xəstəxanada dodağıma tikiş qoyuldu və rentgen müayinəsi eləyən zaman qabırğam, sağ qolumun sındığı məlum oldu”.

Cinayət işi üzrə zərərçəkmiş Rafiqin sözlərinə görə, iyunun 23-də saat 21.30-da evdə olarkən bacısı Zibeydənin qışqırıq səsini eşidib və küçəyə çıxıb: “Qonşumuz Aydının evə getdiyini görsəm də, dalınca getmədim. Zibeydənin qohumları ilə yanaşı, yenicə əsgərlikdən gəlmiş oğlu Əli də orada idi.

Əlinin və digər sakinlərin Aydına zərər vura biləcəyini düşündüyümə görə ən azı bir günlük onu kənddən çıxarmaq məqsədilə polis sahə nəfəri Samiri və icra nümayəndəsi Elmanı oraya çağırdım. Onlar Aydını yaşadığı evdən küçəyə çıxardılar. O, üzr istədi. Biz Aydından şikayətçi olduğumuza görə polis şöbəsinə getmək üçün onun avtomobilə əyləşməsini bildirdik.

Aydın maşına doğru gedərkən ayaqqabısını geyinmək istədiyini bildirdi. Aşağı əyildi və qəflətən mənim qarnımdan bıçaqla bir dəfə vurdu. Əlindən bıçağı almaq üçün onun sağ qolunu burdum. Daha sonra saçından tutaraq üz nahiyəsinə zərbə endirdim. Sonra özümə doğru çəkdim və dizimlə qabırğa nahiyəsinə zərbə endirdim. Özümü itirib yerə yıxılanda Valeh məni arxadan tutdu.

Bu zaman Aydın Valehin hər iki qoluna bıçaqla xəsarət yetirdi. Bizi orada olan şəxlərin köməyilə xəstəxanaya çatdırdılar”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Zibeydə bildirib ki, təqsirləndirilən şəxs Aydın təxminən dörd ilə yaxındır gecələr yaşadığı evə fanarla işıq salıb, ev telefonuna zəng vurub və buna oxşar digər hərəkətlər etməklə onu narahat edib: “Oğlum Əli təxminən 1 il 6 ay qabaq əsgərliyə getdikdən sonra Aydın yaşadığım evin həyətinə, hətta evə daxil olub, pəncərəən məni və qızımı güdüb. Hər dəfə Aydını gördükcə, qışqır-bağır salıb, onu qovmuşam. Bununla bağlı bir neçə dəfə şikayət də etmişəm və Aydının barəsində məhkəmə qərarı ilə cərimə də tətbiq edilib”.

Zibeydənin ifadəsinə görə, 23 iyun 2022-ci ildə, saat 21.30-da qardaşı Rafiq, oğlu Əli, qızı ilə birlikdə evinin həyətində oturaraq sohbət ediblər: “Biz yemək yedikdən sonra qardaşım evə getdi, oğlum kontur almaq məqsədilə yaşadığımız küçənin baş tərəfində yerləşən mağazaya yollandı. Qızım isə hamama girdi. Mən qonaq otağında televizora baxarkən evin qapısının açıldığını hiss etdim. Əvvəlcə pişiyin evə daxil olduğunu düşündüm. Geriyə dönəndə Aydının yavaş-yavaş evə daxil olduğunu gördüm. Onu görən kimi dərhal qışqırdım, əlimdəki televizor pultunu ona tərəf atdım.

Sonra özümü qorumaq üçün əşya axtaran zaman Aydın qaçaraq həyət qapısından çıxdı. Qorxumdan həyətə çıxıb qışqırmağa başladım. Qonşuları küçəyə çıxdılar.

Biz məsləhətləşdikdən sonra kəndin sahə rəsinin köməkçisi Samirə və kəndin icra nümayəndəsi Elmana zəng vurduq. Elman və Samir oraya gəldilər. Aydını polis şöbəsinə aparmaq məqsədilə küçəyə çıxartdılar. Aydın küçədə məndən üzr istədi”.

Şahid daha sonra ifadəsində baş verən qanlı olaydan danışıb.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf/

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv