Zarafatlaşdığımız 1 aprel – Vüqar Zifəroğlu yazır

Qeyd etdiyimiz və bəzən hətta səbrsizliklə gözlədiyimiz təqvim bayramları var ki, onların tarixini bəzən hətta bilmirik. Bilmədiyimizdən də bu «günün» əsl mahiyyətindən kənarda qalır, nəyi qeyd etdiyimizin fərqinə varmırıq. Bundan iki il əvvəl «8 mart» və «14 fevral»lın gerçək tarixləri ilə bağlı yazmışdım. Bu dəfə «1 aprel – Beynəlxalq gülüş günü» ilə bağlı yazmaq istədim.

Tam olaraq ortaya çıxması ilə bağlı bəlli bir tarixi olmayan «Aldatma günü» haqqında olan yazıları incələdiyimdə maraqlı və düşündürücü detallarla üzləşdim. Ümumiyyətlə aprelin ilk günündə zarafat etmənin Fransada 5 əsrlik bir ənənə olduğunu görmək mümkündür. Mövzu ilə bağlı ciddi araşdırmalar aparan Gabriella Kalapesin də qeyd etdiyi kimi, sözügedən günün tarixi ilə əlaqədar onlarla fikir mövcuddur və sadəcə bəziləri digərlərinə nisbətdə daha yayğındır və bilinir.

1-ci məqam

Deyilənə görə, XV əsrin sonlarında xaçlı ordusu İspanyadakı Əndəlus müslümanlarının son qalasını mühasirəyə alır. Mühasirənin uzun sürməsinə rəğmən, qış aylarının da təsiri ilə qala müdafiə oluna bilir. Qalanı almağın çətin olacağını və bu zaman böyük itki verəcəyini anlayan xaçlı ordusunun komandanı hiyləyə əl atmaq qərarına gəlir.

Ən sonunda 31 mart gecəsi qalanın önünə gələrək, bir əlində Quran, digər əlində İncil, – «Bu iki kitab üzərinə and içirəm ki, təslim olsanızbu axşam sizə bir şey etməyəcəm, canlarınız bağışlanacaq və sərbəst buraxılacaqsınız», – deyir. Qalanın müdafiəçiləri müqəddəs kitab üzərinə edilən anda etibar etdiklərindən onlara toxunulmayacağına inandıqlarına görə təslim olurlar.

Sabahı gün, yəni aprelin 1-də komandan bütün müslümanların öldürülməsi əmrini verir. Əmrə kəskin etiraz edən müslümanlar, – «Müqəddəs kitablar üzərinə and içdiniz, söz vermişdiniz», – dediklərində xaçlı komandanı, – «Mənim sözüm dünən axşam üçün idi, bu günlə bağlı isə sizə bir söz verməmişəm», – deyə cavab verər və qalanın bütün müdafiəçiləri qılıncdan keçirilərək şəhid edilər.

Deyilənə görə məhz bu hadisədən sonra Avropa xristianları aprel ayının birini zarafat və hiylə günü olaraq qeyd etməkdədirlər. Hadisənin nə dərəcədə tarixi bir gerçəklik olduğunu söyləmək və ya iddia etmək çətindir. Düzdür, Əndəlüsdə son qala 1492-ci ilin yanvar ayının 2-də zəbt edilir. Amma oradakı qalalardan başqa birinin məhz rəvayətdə qeyd edildiyi kimi tutulduğunu da təsdiq edə bilmədiyimiz kimi, təkzib də edə bilmərik.

2-ci məqam

Daha bir maraqlı hadisə Boston Universitetinin tarix professoru Joseph Boskinin irəli sürdüyü və sonradan qalmaqala səbəb olmuş nəzəriyyə ilə əlaqədardır. Qlobal informasiya məkanında böyük təsir gücünə malik, beş iri dünya informasiya agentliyindən biri olan «Associated Press»in sayəsində yüzlərlə media orqanına ötürülən və nəticədə yayılan bu «nəzəriyyə»nin sonradan zarafat olduğu məlum olur.

Boskinin orta əsrlərlə bağlı araşdırma aparması səbəbi ilə inandırıcı bir şəkildə anlata bildiyi bu hadisə hamı tərəfindən ciddi qəbul edilir. O, yazır ki, Kugel adlı bir fırıldaqçı hiylə yolu ilə hamını aldatmağı bacararaq, məhz aprelin 1-də kral taxtına əyləşir və «1 aprel» də məhz onun şərəfinə yüz illərdir ki, qeyd edilməkdədir. Lakin bu hadisədə diqqəti çəkən əsas məqam həm də ondan ibarət olur ki, kugel – əslində insan adı yox, məşhur yəhudi yeməyinin ismi olur.

Professorun bu fərziyyəsi çox keçmir ki, media ilə «1 aprel» zarafatı kimi anlaşılır və əslində hadisənin Boskinin xəyal məhsulu olması məlum olur.

3-cü məqam

Başqa tərəfdən də Kanzas Universitetinin hazırladığı «Calerıdar of Diversity»də (Fərqliliklər Təqvimi) 1 Aprel zarafatı haqqında ən çox qəbul edilən hadisənin təqdim edildiyini görürük.

1582-ci ildə Papa XIII Gregory zamanında, vaxtı ilə Roma İmparatoru olmuş Yuliy Sezar tərəfindən hazırladılan «yulian təqvimi», Papanın adı ilə adlandırılmış «Gregoryan təqvimi» ilə əvəz edilir. Bu səbəbdən də, əvvəllər 25 mart-l aprel tarixlərində qeyd edilən yeni ilin vaxtı, 1 yanvar gününə dəyişdirlir. Dəyişikliyi etirazla qarşılayanalar və hətta buna qarşı çıxanlar olur. Müxaliflər etiraz əlaməti olaraq yeni ilə köhnə təqvimin vaxtı ilə bayram etdiklərindən, digərləri tərəfindən məsxərə və gülüş obyektinə çevrilirlər və köhnə yeni il olan 1 aprel günü boyunca müxtəlif zarafatlara (saxta əyləncə dəvətnamələri, sümükdən hazırlanmış hədiyyələr və s.) məruz qalırlar.

Yuxarıda qeyd etdiyim məqamların üçü də öz-özlüyündə düşündürücü və ibrətamizdir. Hər halda nəyi və necə qeyd etdiyimizi bilməyimiz baxımından…

Mövzu ilə bağlı fikirlərimi isə məşhur amerikalı yazıçı və publisist Mark Tvenin, 1 aprelə eyni zamanda «Axmaqlar günü» deyilməsi ilə əlaqədar söylədiyi bü düşündürücü sözlərlə yekun vurmaq istərdim: «1 aprel – digər 364 gündə nə olduğumuzu xatırladığımız gündür»…

Yeniçağ.az