!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaxarçenkonu kim aradan götürdü? - Ekspertlərdən ilginc versiyalar

!Reklam – Yazi

Ukraynanın Donetsk vilayəti separatçı rejiminin lideri Aleksandr Zaxarçenkonun qətli ilə bağlı ən müxtəlif versiyalar irəli sürülür.

Yenicag.az xəbər verir ki, dünən Rusiyadan hərtərəfli dəstək alan separatçı “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko əyləndiyi kafedə törədilən partlayış nəticəsində həlak olub.

Hadisəyə ilk reaksiya verən Rusiya prezidenti Vladimir Putin sui-qəsd nəticəsində aradan götürülən Zaxarçenkonun ailəsinə başsağlığı verərək, “qətli törədənlərin sərt şəkildə cəzalandırılacaqlarını” bəyan edib.

Zaxarçenkonun aradan götürülməsinə münasibət bildirən ekspertlər arasında sui-qəsdin təşkilatçıları ilə əlaqədar yekdil fikir yoxdur. Onlar bu hadisədə fərqli ölkələrin xüsusi xidmət orqanlarının əli olduğunu düşünürlər.

Separatçı liderin qətlini Yenicag.ru-ya şərh edən Gürcüstanlı politoloq Gela Vasadze bildirib ki, Zaxarçenkonun qətlini Ukrayna kəşfiyyatının təşkil etməsi haqda iddialar inandırıcı deyil:

“Ukrayna xüsusi xidmət orqanlarının Zaxarçenkonun qətlinə aidiyyatı səfər səviyyəsindədir. Rusiya prezidentinin “günahkarların cəzalandırılacağı” barədə bəyanatı da maraqlı məqamdır. Bu, sizə təəccüblü görünmür? Şəxsən mənə yox. Bu məqam bir daha təsdiqləyir ki, Donbasda Ukraynaya qarşı məhz Rusiya vuruşur.

Yaxşı, cinayətkarların cəzalandırılması vədi necə olacaq? Ukrayna prezidentinə xahişlə müraciət ediləcək ki, Ukrayna vətəndaşı olan Zaxarçenkonun qətli ilə bağlı istintaqı nəzarətə götürsün? İnanmıram. Bunun üçün Minsk razılaşmasına əməl etmək, Donbası Ukraynaya qaytarmaq tələb olunur.

Zaxarçenko öldürülübsə, deməli, bu, kiməsə lazımdır. Kimə və niyə? Bu barədə ancaq ehtimallarla danışa bilərik. Hələ ki ən ağlabatan versiya Minsk razılaşmasına əməl olunması barədədir. Vaşinqton və Brüssel Moskvadan bunu tələb edir.

Yeni sanksiyaların tətbiqi ərəfəsində Moskvaya Qərblə münasibətlərdə “irəliləyiş”i göstərən bir hadisə gərək ola bilər. Onsuz da, Donbas çoxdandır ki, Moskva üçün “ağır çemodan”a dönüb – nə gəzdirə bilir, nə də ata. Zaxarçenko Minsk razılaşmasının qəti əleyhdarı kimi çıxış edirdi. Bu məqam çox şeydən xəbər verir”.

Bu barədə Yenicag.ru-ya danışan Ukraynalı ekspert Yevgeni Maqda isə Zaxarçenkonu Rusiyanın aradan götürdüyünə şübhə etmir:
“Fikrimcə, bu işin arxasında Rusiya dayanır. Çünki Zaxarçenko artıq Rusiya üçün faydalı fiqur sayılmırdı. Onun qətli Donbasda münaqişəni nizamlamaq üçün təşəbbüsü ələ götürməyə imkan verə bilər.

Bütün dünya başa düşür ki, Donbasdakı təcavüzün arxasında Rusiya dayanır. Mənə görə, Zaxarçenkonun aradan götürülməsi Rusiyanın onu daha az iddialı fiqurla dəyişdirmək, Moskvanın şərtləri əsasında Donbası Ukraynaya qaytarmaq niyyətindən irəli gəlir”.

Zaxarçenkonun qətlini Yenicag.ru-ya şərh edən Rusiyalı siyasi texnoloq Oleq Molçanov bu məsələdə qəti fikir bildirməyin tez olduğunu düşünür:
“Həmin hadisə barəsində indidən nəsə demək tezdir. Bu qətlin icraçısı onun mühafizəçisi olub. Bu, təkbaşına verilmiş qərar və ya Xodakovskinin (qondarma “DXR” Təhlükəsizlik Şurasının keçmiş katibi Aleksandr Xodakovski) şəxsi düşmənçilikdən qaynaqlanan qisası da ola bilər. Yəni dünyada istənilən pullu adamın bu məqsədlə mühafizəçini ələ alması mümkündür.
Məncə, Zaxarçenkonun qətlindən sonra Ukrayna Donbasda irimiqyaslı hərbi əməliyyatları bərpa etmək istəsə də, buna onun nə gücü, nə də həvəsi var”.

Azərbaycanlı politoloq Elxan Şahinoğlu isə Zaxarçenkonu məhz Ukrayna xüsusi xidmət orqanlarının aradan götürdüyünü düşünür:
“Ukrayna kəşfiyyatı son dönəmlərdə Donbas separatçılarının bir neçə nüfuzlu səhra komandirlərinə qarşı uğurlu əməliyyatlar təşkil edib. Hesab edirəm ki, Zaxarçenkonun aradan götürülməsindən sonra Rusiya da cavab addımları atmağa qərar verə bilər. Çünki indiyə kimi Ukraynanın dövlət adamları siyasətçilərinə qarşı bir neçə terror aktı törədib. Bu, xüsusi xidmət orqanlarının savaşıdır”.

Mövzu haqqında Yenicag.ru-ya danışan Ukraynalı ekspert Leonid Şvets isə bu fikirdədir ki, Zaxarçenkonun qətli separatçıların “daxili razborka”sıdır:
“Bu, onların daxili məsələləridir. Məncə, qətli törədənlər Zaxarçenkonun yaxın çevrəsində olanlar, yaxud da Rusiyanın güc strukturlarıdır. Ukrayna xüsusi xidmət orqanlarının bu hadisəyə aidiyyatı tamamilə istisna olunur”.

www.yenicag.az

1820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv