“Rusiya acından ölən, iqtisadiyyatı çökmüş, bərbad durumda olan Ermənistana silahla yardım edir. Eyni zamanda, Ermənistanın ayaqda qalması üçün dünyada ən çox çalışan ölkə də məhz Rusiyadır. Bütün bunların qarşılığında Zaxarova deyirsə ki, Rusiya Qarabağ konfliktinin həlli üçün mümkün olan hər şeyi edir və edəcək, əlbəttə ki, bu ağ yalandır. Çünki, Rusiya bu məsələdə mümkün olanı hamımızdan yaxşı bilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın ölkəsinin Dağlıq Qarabağ konfliktinin həlli üçün ondan asılı olan hər şeyi edəcəyilə bağlı fikrinə münasibət bildirərkən siyasi icmalçı Azər Həsrət deyib:
“Əslində diplomatiya elə bir məfhumdur ki, hər şeyi deyib, heç nə demirsən. Bu bir məşğuliyyət, sənət və peşədir. Amma bəzən Rusiyadan elə əndrabadi, əcaib ifadələr eşidirik ki, sadəcə olaraq onların diplomatiyadan xəbərlərinin olub-olmadığını düşünmək məcburiyyətində qalırsan. Bütün dünya bilir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məhz Rusiyanın birbaşa iştirak və gücü ilə baş həyata keçirilib. Ermənistanın işğal prosesini davam etdirməsi yenə də birbaşa Moskvanın dəstəyilə baş verir. Rusiya Cənubi Qafqazda yeganə ölkə olaraq məhz Ermənistanda hərbi qüvvə saxlayır”.
A. Həsrətin fikrincə, Moskva istəsə, bir cümlə ilə Ermənistanı işğal prosesinə son qoymağa məcbur edə bilər:
“Rusiya sadəcə olaraq, bir cümlə ilə Ermənistana Azərbaycan torpağından çəkilməyi tələb etsə və bu baş vermədiyi halda Moskvanın heç bir şəkildə ona dəstək olmayacağını bildirsə, İrəvan bu cümləni eşitdikdən sonra bir gün nədir, bir saniyə belə işğal etdikləri torpaqlarda qalmaq istəməyəcək. Çünki Azərbaycan hərbi, iqtisadi gücü, insan potensialı, beynəlxalq platformalardakı mövqeyi baxımından qat-qat Ermənistandan yüksəkdə dayanır. Belə olan halda, Rusiya onlardan əl çəkəcəyi təqdirdə, ermənilər qarşılarındakı qüvvənin nə demək olduğunu anlayaraq, qısa zamanda işğal prosesinə son qoyacaqlar. Zaxarovanın münaqişənin həlli istiqamətində Rusiyanın mümkün olan hər şeyi edəcəyilə bağlı fikrinə gəldikdə, gərək olan tək şey sadəcə odur ki, Rusiya Ermənistana dəstək verməyi dayandırmalıdır”.
Qeyd edək ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına konstruktiv töhfə vermək üçün əlindən gələni edəcəyini bildirib: “Birincisi, Rusiya ATƏT-in Minsk qrupunun iştirakçısı kimi öz roluna sadiqdir, ikincisi isə mövcud böhranın nizamlanmasına və bu iki ölkənin münasibətlərinin normallaşmasına konstruktiv və səmərəli töhfə vermək üçün ondan asılı olan hər şeyi edəcək. Bu bizim ənənəvi mövqeyimizdir. Bizim üçün bu, çox ciddi məsələdir”.
ELÇİN