Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından qaçqın düşən, böyük qələbəmizi görmədən dünyasını dəyişənlərin ruhu artıq rahatdır.
Ermənilərin ötən əsrin 8-ci illərinin sonlarında Azərbaycana qarşı yenidən baş qaldıran torpaq iddiaları tezliklə böyük və ağır savaş mərhələsinə keçdi.
Müstəqilliyini yenicə qazanan, dövlət strukturlarının formalaşdırmasında təcrübəsizliyi özünü göstərən və ən əsası, nizami orduya malik olmayan Azərbaycan açıq-aşkar “qara zolağa” daxil olmuşdu.
Daxili siyasi çəkişmələr, müxtəlif dövlətlərin Azərbaycanı təsir dairələrinə salmaq uğrunda rəqabəti, iqtisadi böhran, cəmiyyətdəki ruh düşkünlüyü cəbhədə ağır məğlubiyyətləri şərtləndirirdi.
Nəticədə Ermənistandan qovulmuş soydaşlarımızı da nəzərə alsaq, 1 milyona yaxın insan işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlardakı ev-eşiklərindən didərgin düşdü.
Azərbaycanın son dərəcə ağır vəziyyətində dövlətin məsuliyyəti bir az da artdı. O qədər məhrumiyyətlər içində yüz minlərlə insanı yerləşdirmək, yedirtmək, qayğılarına qalmaq lazım idi. Yəni dövlət boyunu aşan işlərin öhdəsindən gəlməyə məcburdu.
Ümummilli lider Heydər Əliyevin usta siyasəti sayəsində cəbhədə atəşi dayandırmaq, vəziyyəti sabitləşdirmək üçün vaxt qazanmaq mümkün oldu. Bundan sonra bütün diqqət dövlətin qurulmasına, bəli, kağız üstündə olan dövlətin qurulmasına yönəldi.
Heydər Əliyev dühası bu işin öhdəsindən gəlməyə imkan verdi. Ölkə inkişaf yoluna çıxarıldı, “Əsrin müqaviləsi” imzalandı, əhalinin rifahını yaxşılaşdırmaq üçün təsirli addımlar atıldı. İnsanların ürəyində gələcəyə itmiş inam yenidən cücərdi.
Ancaq illər keçir və milyonluq qaçqın ordusuna mənsub olan insanlar da zamanın gərdişində haqq dünyasına yürüyürdülər. Əlbəttə, onlların hər biri bu dünyadan narahat köçürdü.
Doğulub-böyüdükləri torpaqlar işğal altındadır, əcdadlarının yanında uyumaq xoşbəxtliyindən məhrum halda bir dünyadan o birinə köç edirdilər. Bu nisgili izah etmək çox çətindir.
Torpaqların azad ediləcəyi ümidi ilə dünyasını dəyişənlərin sayı on minlərlədir. Şəhidlərimiz kimi, onların ruhları narahatdı, hüzursuzdu. Amma bütün divarların qurtaran yeri var.
Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni diz çökdürdü, Qalib Ordumuz işğal altındakı ərazilərimizi biləyinin gücü ilə azad etdi. Artıq Xankəndidə Qələbə Paradına hazırlıq görürük.
Əlbəttə, şəhidlərimizin və yurd nisgili ilə dünyasını dəyişən soydaşlarımızın ruhları artıq rahatlıq tapıb. Sözsüz, Prezident İlham Əliyev öz qətiyyəti sayəsində ölmüş ümidləri canlandırdı, gələcəyin qapısını açdı. Ən əsası, dövlət başçısı bu uğuru ilə həm də Xankəndidə Zəfər Paradını görmək nəsib olmayanların xoş xəyallarını gerçəkləşdirdi.
Artıq o ruhlar da Azərbaycanın Zəfər sevincini qürurla yaşayırlar!
Natəvan Abbaslı,
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri