Kimisi üçün son Şuşa idi, kimisi üçün Xankəndi… Arzular, istəklər başqa və reallıqlar isə bir başqa idi.
Nə yalan deyim, işğaldan azad edilmiş ərazilərdən məni ən çox sevindirən öncə Ərgünəş, sonra isə Hadrut olmuşdu. Ərgünəş həm çətin idi, həm də açar. Azərbaycan xalqı üçün Şuşanın mənəvi dəyəri nə idisə, ermənilər üçün də Hadrutun mənəvi dəyəri o idi. Hadrutun işağldan azad edilməsi həm də tamın məhv olması demək idi. Tam olmayan şeyin statusu da olmur.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əsas şəhərlərindən biri artıq işğaldan azad edilmişdi. Yadıma gəlir, bir tək Hadrutun işğaldan azad edildiyini açıq şəkildə yazmışdım.
Noyabr ayı girəndən Azərbaycan ordusunun əsas zərbə gücünün istiqaməti mənim üçün artıq aydın idi. Ordu bir istiqamətə cəmləşir və qarşı tərəfin gözləmədiyi bir istiqamətlə özü üçün yol açırdı. Könüllü döyüşə qatılan bir dostumla zəngləşdik, istiqaməti və ərazini dedi, xəritəyə baxdım, sonra yenə zəngləşdik. Dedim, əgər güc dediyin yerə verilibsə, ən qısa və çətin yolla istiqamət Şuşadır. Güldü. Dedim, gəlirəm yanına. Yola çıxdım. Məsələ ondadır ki, getdiyimiz maşın palçığa batıb hərəkətiz hala gəldi. İrəli getmək çətin idi, çünki ərazi vurulur, dayanmağın bir mənası yox idi, kor-peşman geri qayıdası oldum. Ancaq orada gördüklərim mənə Azərbaycan ordusunun qərarlı olduğunu, həm də tələsdiyini deyirdi. Tələskənlik bir qədər tədirgin edirdi. Hiss olunurdu ki, siyasi basqılar artıb, orduya da hədəfə tez çatmaq əmri verilib.
Geri qayıdandan sonra ilk Daşaltı xəbəri gəldi. Artıq anlamışdım ki, Şuşa son günlərini, anlarını yaşayır. Ən böyük problem isə hava idi. Şuşada dronlar kor idi. Güc əsgərin üstünə düşürdü. Buna qədər telekanallarda o qədər dronların zərbəsini göstərmişdilər ki, çox adam elə düşünürdü ki, dronlar vurur, ordu hərəkət edir. Əslində bunun gerçək olmadığını da ərazidə olan hər kəs bilirdi.
Daimi əlaqədə olduğum bir nəfər zəng elədi. Qaqa, “Ş”nı götürdük, (Müharibə vaxtı yerlərin adlarını yox, ya baş hərflərini, ya rayon nömrələrini, ya da xalq arasında xüsusi tanındığı adını parol kimi istifadə edirdik) yaralılarımız var, aşağı düşürürük, ancaq yazmaq olmaz, çünki alçaqlar dayanmırlar, həmlə edirlər. Aradan bir qədər keçəndən sonra yenə zəng elədi, uşaqlar canavar kimi döyüşüb həmlə ediblər, ancaq geri oturtmuşuq. Sualım bu olur, rahat olum? Cavab belə olur, hələ yox, mən sənə deyəcəm. Telefonu qarşıma qoyub, gələn zənglərin hamısına “NO” vurub, ancaq bir zəngi gözləyirəm. Hava qaralır, yenə zəng elədi, artıq möhkəmlənmişik, rahat ol, ancaq xahiş edirəm, hələ yazma.
Müharibə vaxtı hər gün səhər və axşam məlumat öyrənmək üçün zəng edənlərdən biri millət vəkili Aqil Abbas idi. Aqil Abbasla sonuncu görüşümüzdə dedi ki, Şuşa haqqında məlumat alan kimi birinci mənə zəng elə. Yazmaram demişdim, yazmadım, ancaq Aqil Abbas bunu eşitməli idi. Zəng elədim, dedim, muştuluğumu ver, “Ş” hazırdı. Sual verdi ki, “Ş” nədi, açıq de görüm.
– “Ş”, şəhər.
– Həqiqi deyirsən?
– Vallah hə. Danışmışam, uşaqlar möhkəmləniblər hətta.
– Birinci tvit atmayıb axı. Birdən nəsə olub eliyər e.
– Uşaqlar dedi, rahat olun, bura bizlikdir.
Telefonda kövrəldi, ağladı.
Gecə gəldim evə. Qapıda anam qarşıladı. Dedim, mama, çox deyirdin, yeddi aşırım, Cıdır düzü, xarı bülbül, uşaqlar oturub orada. Sən Allah? Gülür, ağlayır. Atamı səslədi, Şuşanı almışıq. Atamın verdiyi cavab belə olur – Halaldı. Anam üzün tutub mənə deyir, sən Allah onun sevinməyinə bax da, “halalmış”, elə bil alıb qoyub ora, uşaqlar gedib oturub. Gülürük…
Artıq ayın 8-dir. Xəbər gəldi ki, Prezidentin çıxışı olacaq. Təxmin edirik, Şuşanı elan edəcək. Uşaqlarla bir dəstə yığışıb Bərdədə bir yerdə oturduq, televizoru açıb xüsusi buraxılışı gözləyirik və başladı. Artıq ikinci dəqiqədən sonra səbrim çatmır. Düzü, otaqda olan ondan çox adamın hamısı bilir ki, çıxış nə üçündür və hara elan ediləcək. Ekrana baxa-baxa, dedim ki, niyə uzadırsan, elan elə işimizi bilək də. Yerdən səhv etmirəmsə, jurnalist Teymur Zahidoğlu idi. Dedi, avara, sən məlumatlarını açıq elan edirsən? Gərək yazdığını axıra kimi oxuyasan ki, biləsən nə demək istəyirsən. İmkan ver, dadın çıxara-çıxara desin də. Otaqdan gülüş səsləri qopur.
Nəhayət Şuşa elan edilir. Otaqda bu dəfə qışqırıq səsi gəlir. Qəribədir. Elə bil sevdiyiniz klub Çempionlar Liqasını qazanıb, kubok təqdim edilib, kapitanlar onu havaya qaldıranda qola sevinirmişsən kimi yenə sevinirsən. Təkcə bizim otaq deyilmiş qışqır-bağır edən. Çöldən gələn səslər danışdığımızı eşitməyə imkan vermir. Çöldə bayramdır. Siqnal səsləri, qışqırıqlar, gülüşlər. Hərə bir cür qeyd edir. Baxırsan, 1,85 boyunda, 100 kq çəkisi olan 50-dən çox yaşı olan adam uşaq kimi tullanıb-düşür. Ağlayanlar da az deyil. Dünən şəhid dəfnindəki ah-nalə, üsyan, qulaq batıran qışqırtı, bu gün sevinc, gülüş, gülə-gülə göz yaşları və sevincdən qışqırtı…
Zəfər bayramınız mübarək!