Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb. Söhbət zamanı Ukraynanın NATO-ya dəvət edilməsinin zəruriliyi müzakirə olunub.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Zelenski Starmerə bildirib ki, Rusiya bu gün Ukraynanın mülki infrastrukturuna qarşı 90-dan çox raket və təxminən 100 dron istifadə edib. Hər iki lider müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə edib və Ukraynanın hər hansı hadisə inkişafına qarşı ən güclü mövqeyə sahib olmasını təmin etmək üçün Avropa liderləri ilə sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Ukrayna lideri qeyd edib ki, bunun üçün Ukrayna NATO-ya dəvət olunmalı və uzaqmənzilli imkanlarını genişləndirməlidir. Bundan əlavə, liderlər Ukrayna və Böyük Britaniya arasında yüzillik tərəfdaşlıq razılaşmasının hazırlanmasını sürətləndirmək barədə razılıq əldə ediblər.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Böyük Britaniya Starmerin baş nazirliyi dövründə ilk dəfə Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketləri tədarük edib. Bundan bir neçə gün əvvəl Starmer NATO-nun Baş katibi Mark Rutte ilə qış mövsümünə hazırlıq ərəfəsində Ukraynadakı vəziyyəti müzakirə etmişdi.