Zelenskidən Qərbə ŞANTAJ: Avropa İttifaqı daxilində fikir ayrılığı – Ukraynaya hücumlar genişlənəcək

“Taktiki nüvə silahları ilə bağlı təlimlər bir müddət öncə Krım yarımadasında da keçirilmişdi. Burada Rusiya Qərbə göstərmək istəyir ki, əgər Rusiya ərazilərinə hücum olacağı halda, Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi ilə bağlı açıqlamalar blef deyil, əksinə, həqiqəti özündə əks etdirir”. 

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Rusiyanın Belarusda taktiki nüvə silahları ilə bağlı təlimlərə başlaması fonunda Moskvadan Qərbə verilən mesajları şərh edib. O, xatırladıb ki, Ukrayna hücumlarının Rusiya ərazilərinə daşınması planları zaman-zaman gündəmə gətirilib.

“Hətta Ukrayna dəfələrlə buna cəhd etsə də, sözügedən addım uğursuz alınıb. Ola bilər ki, bu istiqamətdə yeni planlar mövcuddur, amma o da məlumdur ki, Rusiya Ukraynaya daha geniş şəkildə hücumlara hazırlaşır. Son proseslər də bunu göstərir ki, Rusiya Ukrayna ərazilərinin işğalını davam etdirəcək”, – deyə o bildirib.
Ə. Zülfüqaroğlunun qənaətinə görə, bu məsələlər Birləşmiş Ştatlar başda olmaqla, Qərbə böyük ölçüdə zərər vurur:

“Bir müddət öncə müşahidə edildi ki, Qərb Ukraynanı məcbur edir ki, Kiyev administrasiyası yalnız Qərbin planları üzərindən hərəkət etsin. Lakin bu, Zelenski hökuməti üçün də ciddi problemlər yaradır. Ukrayna liderinin son açıqlamalarına baxsaq, görərik ki, o, Qərbin bu istəklərinə qarşı müqavimət aparır və bir növ Qərbi şantaj edir”.
Politoloqun fikrincə, Fransa Avropa İttifaqının (Aİ) siyasi mərkəzi olaraq ittifaq ölkələrini məcbur edir ki, Ukraynaya yardım məsələsi davam etdirilsin və hərbi dəstək verilsin:

“Bu isə eyni zamanda, qurum daxilində fikir ayrılıqları və problemlərə yol açır. Xüsusilə də Macarıstan, Slovakiya və Avropa İttifaqı üzvü olmayan Serbiya buna ciddi şəkildə etirazlarını bildirirlər. Bu dövlətlər hesab edirlər ki, buna gediləcəyi halda, ən çox Şərqi Avropa ölkələri təhlükə ilə üzləşəcək. Digər tərəfdən, Qərbi Avropa ölkələrinin, xüsusilə də Almaniyanın Fransa ilə narazılıqları mövcuddur ki, bu, Ukraynaya yardım məsələsində özünü daha çox ehtiva edir”.
“Bir sözlə, Qərb ölkələri, ABŞ və Avropa İttifaqı daxilində olan narazılıqların önə çıxması Ukraynaya yardımla bağlı fikir ayrılıqlarını daha ciddi mərhələyə daşıyır ki, bu da Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqları və çatların yaranmasına gətirib çıxarır. Sözsüz ki, Moskva bu prosesi görür və bundan istifadə etməyə çalışacaq. Fikrimcə, yaxın perspektivdə Rusiyanın Ukraynaya hücumun genişlənəcəyinin şahidi olacağıq. Taktiki nüvə təlimlərinin keçirilməsi ilə Rusiya “əgər Qərb birbaşa müdaxilə edəcəksə, Rusiya onlara ciddi zərbələr endirə bilər” mesajını verir, – həmsöhbətimiz yekunlaşdırıb.

Rafi Müslümov

 

 

Rafi Müslümov