Zelenskinin təklifinə Rusiyadan sərt cavab

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi sülh sammiti təklifinə sərt cavab verib.

Yenicag.az xəbər verir ki, Zaxarova Rusiyanın bu prosesə qarışmayacağını bəyan edib.

Qeyd edək ki, Zelenski mətbuat konfransında 2024-cü ilin noyabrında Rusiya nümayəndələrinin iştirakı ilə ikinci “sülh sammiti”nin keçirilə biləcəyini bildirib.

Digər tərəfdən, Zaxarova Zelenskinin bəyanatlarını “reallıqdan qopmuş” və “xəyalpərəst” adlandırıb. Zelenskinin prezidentlik müddətini “saatı bitmiş” kimi xarakterizə edən Zaxarova bu sülh təşəbbüslərinin Qərbin və Ukraynanın Rusiyaya təzyiq cəhdlərinin bir hissəsi olduğunu vurğulayıb.

Rusiyanın “Burgenstock prosesi”ndə iştirak etmədiyini və gələcəkdə də iştirak etmək niyyətində olmadığını bildirən Zaxarova Zelenskinin sülh düsturunu işlək olmayan kimi qiymətləndirib.

Belə sammitlərdə iştirakdan imtina etdiklərini bildirən Zaxarova Rusiyanın böhranın siyasi və diplomatik yollarla həllinə açıq olduğunu deyib.

Rusiya prezidenti Vladimir Putinin iyunun 14-də təqdim etdiyi sülh təşəbbüsünə toxunan Zaxarova daimi və ədalətli sülhün yalnız Rusiyanın maraqlarının nəzərə alınması ilə mümkün olacağını bildirib.

Nəsimi Ələsgərli

COP29