Zəlzələ AJİOTAJI: “Bu binalardan mənzil almayın!” – Ekspertdən XƏBƏRDARLIQ

Son günlər bölgələrimizdə baş verən təbii fəlakət seysmik aktiv zona hesab olunan Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində yeni tikililərin zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib.
Paytaxtda inşa olunan çoxmərtəbəli binaların xeyli hissəsinin tikintisi zamanı seysmik normaların nəzərə alınmaması barədə səsləndirilən fikirlər bu məsələni daha da aktuallaşdırıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında “yeni tikililərin zəlzələyə davamlılığı nə qədərdir?” sualını cavablandırıb:

“Paytaxt Bakıda yeni tikili çoxmənzilli binaların zəlzələyə davamlılığı dövlətin də nəzərdə tutduğu normalara uyğun olaraq minimum 8 ballıq zəlzələyə cavab verməlidir. Yəni əlaqədar qurumlar tərəfindən hər hansı bina tikilərkən, o binanın yoxlanışı sonuncu mərtəbə tikilənə qədər davam edir. Həm betonun davamlılığı, sementin markaları, armaturun keyfiyyəti və digər məsələlər barədə nümunələr müfafiq qurumlar tərəfindən yoxlanılır. Özü də hər bir mərtəbə üzrə. Binaların tikilmə mexanizmi barədə ciddi nəzarət var və buna riayət olunur. Müstəqilliyin ilk illərində bina tikilməsi zamanı neqativ hallara yol verilib. Bununla bağlı nümunələr də var.

Son vaxtlar apartman tipli çoxmənzilli evlər tikilir. Abşeron rayonunda belə binaların sayı daha çoxdur. Bu tip binalar nəzarətdən kənar tikilir. Daha çox fərdi yaşayış binası altında inşa olunur. Amma yeni tikili çoxmənzilli binalar sayılır. Bu binalar təhlükəlidir. Paytaxtın özündə bəzi binalar var ki, təhlükəsizlik normalarına cavab vermədiyi üçün həmin binalar hələ də çıxarışla təmin edilməyib. Buradan səslənirəm insanlara ki, həmin binalardan mənzil almasınlar”.

Cəvahir