“İnsanlar ekstremal situasiyalara və təbii fəlakətlərə psixoloji cəhətdən hazırlıqlı deyillər”.
Bu fikirləri ekstremal vəziyyətlərin insan psixologiyasına təsiri haqda danışan psixoloq Gülər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, təbii fəlakətlər zamanı insanlar necə davranacaqları ilə bağlı öncədən təlimatlandırılsalar, psixoloji cəhətdən daha dayanıqlı olarlar:
“Zəlzələ kimi təbii fəlakətə məruz qalan insanlarda fiziki və emosional stress özünü göstərə bilər. Belə hallarda insanlar ani şoka girərək nə edəcəklərini bilmirlər.
Ekstremal hadisələr hər an baş verə bilər və buna görə də insanlar belə hallara psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar. Düşünürəm ki, təhsil müəssisələrində də bu mövzuya geniş yer verilməlidir.
Hansısa təbii hadisə zamanı insanların nə edəcəkləri ilə bağlı konkret təlimatlar hazırlanmalı və əhalinin diqqətinə çatdırılmalıdır.
Həm məktəblərdə, həm də universitetlərdə insanların analoji hadisələr zamanı necə davranmalı olduqlarına dair maarifləndirici işlər görülməlidir”.
Nuray Məmmədzadə