!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəncirvuranların iniltisindən eşidilməyən sual - Təzə Pirdən REPORTAJ

!Reklam – Yazi

Aşura günü yaddaşımda anamın bişirdiyi hədik, məhəlləmizdə küçə boyu polislərin qovduğu Mərəzə dilənçiləri, qara geyimli insanların axın-axın məscidə doğru getməsi ilə qalıb. İllər keçib, zaman dəyişib… Amma dəyişməyən insanların inancı və etiqadır. Ki mən bu gün buna bir daha əmin oldum.

Yenə həmin məhəllə, uşaqlığımın keçdiyi Əlövsət Quliyev ( keçmiş Petro Montin – red.) küçəsi ilə üzüyuxarı qalxıram. Küçədə dilənçilər çox azdır. Hətta demək olar ki, tək-tük gözə dəyirlər. Səki kənarında oturan bir-iki nəfər varsa, onlar da şikəst və yaşlı insanlardır. Yanlarındakı sellofan torbalar qənd, konfetlə doludur. “Ay qızım, bir nəzir ver”, deyə, mənə doğru uzanan əli boş qayrata bilmirəm.

“Ay dayı, nə yaxşı bu Mərəzə dilənçiləri gözə dəymir”, deyə soruşuram.

Kişi verdiyim pulu tələsik cibinə basıb, ürkək baxışlarla polislərin durduğu tərəfə baxır: “Ay bala, elə yaxşı ki, yoxdurlar. O polislər olmasa, hər yeri yolçular basar. Olmasalar yaxşıdı, bizim də bazarımıza şərik çıxırdılar”.

Təzə Pir məscidinin qarşısında təcili tibbi yardım maşını dayanıb. Girişin sağ tərəfində küçədə uzun növbə var. Bu, qanverməyə gələn insanlardır. Aşura günü özünü İmam yolunda döyüb, baş yarıb qançıxaran şiələrin sivil şəkildə qanvermə aksiyasında iştirak etməsi olduqca təqdirəlayiqdir. Və bu məqamda qeyd edim ki, aksiyada bütün Təzə Pir məscidinin kollektivi və şəxsən Allahşükür Paşazadə də iştirak edir.

Məscidin həyətində adam əlindən tərpənmək olmur: əlil arabasındakı uşağı ilə dilənən kim, şikəst qolunu açıb, pul istəyən kim, Hüseynin köynəyinin rəmzi kimi qara lentləri satan kim, ehsan kimi şərbət, qoğal, qənd paylayan kim… Kənarda daha bir növbə var: vaxt tapıb məscidə gələnlər heç olmasa ildə bir dəfə olsun ölüsü üçün yasin oxutdurmaq məqsədilə pilləkənlərin başında oturmuş mollaya yaxınlaşır, pul verib, əzizlərinin ad-ata adını yazdırırdı. Məsciddə oxunan mərsiyələr səsgücləndiricilər vasitəsilə ətrafa yayılır, həyətdə duran qadınlar sinə vurub, “şaxsey” deyirdilər.

 

Həyətin yuxarı başında qarageyimli insanların sıx toplaşdığını görüb yaxınlaşıram. Uzaqdan küt səslər eşidilir: bir dəstə kişi zəncir vururdu…

“Ata, o kişi özünü niyə döyür ki?”. Bu, mənzərəni izləmək üçün oğlunu boynuna çıxartmış uşağın atasına verdiyi sual idi. “Hüseynə görə oğlum, Hüseynə görə…”, dedi atası. “Hüseyn onun oğludur?”… Sual cavabsız qaldı. Bəlkə də gənc ata nəsə dedi, amma onun səsi zəncirvuranların iniltisinə qarışıb eşidilməz oldu.

Saat 12-yə az qalırdı. Bir qədər sonra “qətl sınacaqdı”. Təzə Pir məscidinin həyətində insan əlindən tərpənmək olmurdu. Məscidin ətrafına göz gəzdirirəm. Əlində şam gələn bir-iki qadın onu yandırmaq üçün yer axtarırdı. Kənarda dayanan bir nəfər məqsədlərini anladı: “Axtarmayın xanım, daha burda şam yandırmırlar,- dedi. Demək, dəyişən çox şey vardı. Daha Aşura günləri baş yarıb, qan tökmür, şam yandırmır, Mərəzə dilənçiləri qovulmurdu.

Nəzir verib, qayıdıram. Küçədə masa açıb, çay, qoğal, konfet paylayan məhəllə ağsaqqalları yoldan ötənləri süfrəyə dəvət edirlər. “Gəlin, ay bala, ehsandır”, deyib bizi də yoldan saxladılar. Yaxınlaşdıq. Soyuq havada buğlanan çayın yeri vardı. Öyrənirik ki, məhəllənin 86 və 87 yaşlı iki ağsaqqalı hər il Aşura günündə küçədə süfrə açıb, gəlib-gedənlərə ehsan verir.

“Gün ərzində 200 dən çox qoğal, badambura, qutularla xurma, qənd paylayırıq. İnsanlar yeyib gedir, bizə dua edir, imamlarımıza isə rəhmət oxuyurlar”. Biz də çayımızı içib, sağollaşırıq. 87 yaşlı Kərim dayı arxamızca səslənir: “Allah əcir versin, bala”. Uşaqlıqdan eşitdiyim, ancaq hələ də mənasını bilmədiyim bu sözün qarşılığında nə deyəcəyimizi bilmədən, uzaqlaşırıq.


Zakirə Zakirıqızı

Emin Səfərov

www.yenicag.az

15013
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv