Zəngəzur dəhlizi boyda MƏHƏK DAŞI: Rusiya iqtisadi maraqlarını, yoxsa “Turan xofu”nu seçəcək? – TƏHLİL
Fars-molla rejiminin aqonik davranışları fonunda Rusiyanın rəsmi təbliğat maşını da Azərbaycanı növbəti dəfə hədəfə alıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə regionda yeni reallıq yaradıb. Bu gerçəyi qəbul etmək istəməyən, onunla barışa bilməyənlərin sırasında Rusiya və İran öndə gəlir.
Şimal və cənub qonşularımızın bu tövrü heç kimi təəccübləndirmir. Hər ikisi regionun ən vacib ölkəsi olan Azərbaycanın dikəlməyini, dövlət potensialını tam ortaya qoymağını, qısacası, güclənməsini və qərarverici tərəfə çevrilməsini özünə təhdid kimi görür.
Amma bu yanaşmalara baxmayaraq, nə Tehrandakı mollaların, nə də Moskvadakı stolıpinçi ideoloqların savaşın nəticələrindən doğan gerçəyi dəyişmək imkanı yoxdur. Proses çoxdan dönməz şəkil alıb.
Rusiyadan fərqli olaraq, İran son iki ildə baş verən gəlişmələr qarşısında dəngəsini qorumağı bacarmadı. Azərbaycanın qələbəsi son otuz ildə parçalanmaq təhlükəsindən qurtulduğunu düşünən fars-molla rejimini qarabasma vəziyyətinə salıb.
Quzey Azərbaycanla sərhədlərinin böyük qismi uzun müddət erməni işğalında qalan İran həmin əraziləri “azad kriminal zona”ya çevirmişdi. Orada narkotik tranziti yaratmaqdan tutmuş ən bəsit cinayətlərə qədər törətmədi əməl qalmamışdı. Ən əsası, bu durum “Domokl qılıncı”na dönüşən Bütöv Azərbaycan riskini maksimum neytrallaşdırmışdı.
Artıq o nəzarətsiz ərazi İranın üzünə birdəfəlik bağlanıb, Ermənistanla qısaməsafəli sərhədi də Zəngəzur dəhlizinin açılışından sonra qapanacaq. Tehran “sərhədlərin dəyişməzliyi” çığırtıları ilə bu işə mane ola bilməyəcəyini anlayır və ona görə də nəticəsini hesablamadan “güc nümayişi”nə qalxır. Bununla nəyəsə nail olmağın mümkünsüzlüyyünü isə özləri hər kəsdən daha yaxşı anlayırlar.
Molla rejimi İranın aqibətinin Quzey Azərbaycandan veriləcək bir əl işarəsindən, bir çağırışdan nə qədər asılı olduğunun fərqindədir. Quzeydən veriləcək “Bakı daim oyaqdır, Can Təbrizə dayaqdır!” mesajı ilə İran təsəvvür belə etməyəcəyi dalğanın çıxılmaz burulğnına düşəcək.
Yeni şəraitdə Tehran üçün başqa davranış variantları varmı? Əslində, İran 3+3 formatına uyğun qurulacaq nəzəri əməkdaşlıq sxemindən müəyyən fayda götürə bilər. Ancaq indiki halda İran rejimi üçün əsas olan iqtisadi fayda yox, dövlətin çöküşünü sürətləndirən amilləri zərərsizləşdirməkdir.
Həmin faktorların aktuallığı isə azalmaq əvəzinə, artmaqdadır. Yəni Tehran xarici təhdidlərlə uğraşarkən, daxildə baş qaldıran miqyaslı etirazlar dövlətin ideoloji təməlini ciddi surətdə sarsıdır. Göründüyü qədər, İran rejimi diqqəti daha çox hansı “cəbhə”yə yönəltməyi müəyyənləşdirməkdə çətinlik çəkir. Aydın olan buudur ki, “cin” şüşədən çıxıb.
Yuxarıda qeyd edilmişdi, Rusiya İranla müqayisədə regionda baş verənlərə daha təmkinli, “arbitr statusu”na uyğun mövqe sərgiləməyə çalışırdı. Lakin Ukraynaya hərbi təcavüzün davamında “bumeranq”ın geridönüşü, cəbhədə üzləşdiyi ard-arda məğlubiyyətlər Moskvanın da siyasi müvazinətini pozub.
Ukraynada yaşadığı yenilgilər, Donbas və Krımdan rüsvayçı qaçış perspektivi Kremli Cənubi Qafqazdakı mövcudluğunu da itirmək riski ilə üzləşdirib. O baxımdan, 10 noyabr üçtərəfli bəyanatında yer alan müddəaların qarantı kimi çıxış edən Rusiya bu öhdəliyin altından çıxmağa cəhd göstərir.
Yeri gəlmişkən, Rusiya “Birinci kanal”ında yayımlanan “Böyük oyun” tok-şousunda Azərbaycanın hədəfə alınması, Moskvaya etiraz notasının verilməsinə səbəb olan çıxışların edilməsi Kremlin “təcili korrektə”sindən danışmağa əsas yaradır.
Layihənin iştirakçıları olan ekspertlərin “Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqlarına ziddir” məzmunlu fikirləri, əslində, Kremlin vurğulanan korrektəsinin göstəricisidir. Onlar Zəngəzur dəhlizini böyük Turan üçün “körpü” olaraq görməkdədirlər. Bəli, Rusiya da İranın izi ilə gedərək, düşdüyü indiki vəziyyətdə iqtisadi faydalarını deyil, velikorus şovinizminin çıxarlarını rəhbər tutur.
Rusiya-İran tandeminin bu demarşları qarşısında Azərbaycan necə davranmalıdır? Vəziyyətə ümumi nəzər salsaq, sualın Moskva ilə Tehranı çəkindirəcək məzmun daşıyan cavabı çoxdan ortadadır: Azərbaycan-Türkiyə birliyi. Üstəgəl, qlobal siyasətin effektli oyunçusu İsrailin Azərbaycanın yanında olması və Bakının Qərbin enerji təhlükəsizliyi məsələsində oynadığı rol bu ittifaqı istənilən təhdid qarşısında sarsılmaz edir. Ona görə də, istər siyasi-diplomatik, istərsə də hərb meydanında ardıcıl və qətiyyətli olmaq gərəkir.
Qarşımızda Rusiya və İran olsa belə…
A.Zeynalov