Zəngəzur dəhlizi: “Ermənistan prosesi nə qədər uzatsa da…”

 

“İranın və Avropanın təzyiqləri ilə Ermənistan prosesi nə qədər uzatsa da, istənilən halda, Zəngəzur dəhlizi reallaşacaq”.

Bunu Yenicag.az-a Azərbaycan Pezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Zəngəzur dəhlizi məsələsinin taleyindən danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi bəllidir.

“Yəni artıq məsələni Rusiya Ermənistanla razılaşdırmalıdır. Rusiya 10 noyabr bəyanatını əsas gətirərək, dəhlizin təhlükəsizliyi məsələsini öz üzərinə götürmək istəsə də, Ermənistan bununla razılaşmır”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, İrəvanın sərgilədiyi mövqe hər kəsə bəllidir.

“İstədiyi zaman yolu bağlaya, yaxud maneələr yarada bilər. Azərbaycan isə dəhlizdən istifadə edərkən hər zaman təhlükəsizliyin təmin olunmasını tələb edir. Kreml və İrəvan arasındakı hazırki gərginliyin isə hansı həddə qədər gedəcəyi hələ ki, məlum deyil. İranın və Avropanın təzyiqləri ilə Ermənistan prosesi nə qədər uzatsa da, istənilən halda, Zəngəzur dəhlizi reallaşacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29