!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizi və İranın 5 qorxusu: Məzhəb müharibəsi təhdidli şəhadət barmağı

!Reklam – Yazi

Prezident İlham Əliyevin “Anadolu” Agentliyinə müsahibəsindən sonra İran Azərbaycana qarşı ideoloji müharibəyə başladı. İstər Azərbaycan daxilindəki dini legionerlərin açıq-aşkar təxribatçı fəaliyyətinə start verilməsi, istər İrandakı bəzi “ekspert”lərin ölkəmizə qarşı çıxışları, istərsə də diplomatik sahədə rəsmi Bakıya təzyiqlər rəsmi Tehranın bizə qarşı hibrid müharibəsinin bütün silahlarından istifadə etməyə çalışdığını göstərir. Maraqlıdır ki, İran Azərbaycana qarşı bu hücumlarının əsl məqsədini də gizlətmir. 

Ovqat.com-un məlumatına görə, İranın mühafizəkar qanadının ən ciddi media orqanı sayılan və dini lider Ayətullah Xameneyinin fikirlərinin ifadəçisi kimi tanınan “Keyhan” qəzetinin dünənki baş yazısı – İran sərhəd dəyişikliyinə dözməz” sərlövhəli məqaləsi bu mövzuya həsr olunub.

İranın şimal sərhəddində baş verən hadisələrin Qafqaz bölgəsində və xaricində İranın və Rusiyanın siyasi çəkisinə böyük təsir göstərə biləcəyi bildirilən məqalədə baş verənlərin ABŞ və İsrail layihəsi olduğu iddia edilir. Layihənin məqsədi isə belə izah olunur: “Məqsəd İran və Rusiyaya qarşı strateji üstünlüklər qazanıb regionda geosiyasi dəyişikliyə nail olmaqdır”.

Məqalədə qeyd olunan “geosiyasi dəyişikliklər” isə bu cür sıralanır:

1) Gorus-Qafan yolunda İranın “suveren hüquqları”

Azərbaycan hərbi qüvvələri Ermənistandakı Gorus-Qafan yolunu bağlayıb İranın yük maşınlarının Ermənistana keçməsinə icazə vermir ki, bu da İslam Respublikası və Ermənistanın suverenliyinin pozulmasıdır. Belə davam edərsə, İranın bölgədəki rolu azalacaq. Şimal sərhədlərində yaranmış gərginliyin Xəzər hövzəsinə qədər uzana biləcəyi ehtimal olunur…

2) 21 km-lik təhlükə

İranla Ermənistan bölgəsi arasındakı 21 kilometrlik sərhəd xəttinin aradan qaldırılması, böyük ehtimalla Ermənistanın Zəngəzur əyalətinin Azərbaycana təslim olması ilə nəticələnəcək. Ermənistan sərhədinin silinməsi isə İranın vəziyyətini çətinləşdirir.

3) Qafqazdakı geosiyasi vəziyyət və Paşinyanın xəyanəti

“Türkiyənin irqçilik meylləri, Xəzər dənizinin şərq və qərb sahillərinə olan tamahkarlığı, həmçinin sionist rejimin təşviqi” ilə son 30 ildə Azərbaycan və Ermənistan respublikaları silah ticarətinin əsas tərəfləri halına gəldilər. Bu səbəbdən də, Azərbaycan Respublikasının anormal hərbi inkişafı iki dövlət arasındakı razılaşma ilə şərh edilə bilməz və bu məsələdə suverenlik iddiası yolverilməzdir. Çünki beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla və bütün konvensiyalarda vurğulanan prinsiplərlə təsbit olunmuş “üçüncü tərəfin mehriban qonşuluğu və maraqları” burada tamamilə pozulur. Birləşmiş Ştatlar uzun müddətdir ki, bölgənin bir hissəsində geosiyasi stabilliyi əngəlləməyə və bunu bölgənin qalan hissəsinə yaymağa çalışır. Ona görə də burada dəyişiklik olarsa, bütün bölgə geosiyasi təhdidlərlə üzləşəcək.

Qərbpərəst hesab edilən indiki Ermənistan hökuməti öz milli maraqlarına xəyanət edərək, siyasi divident və iqtisadi mənfəətlər əldə etmək ümidi ilə ABŞ-Türkiyə layihəsinə qoşuldu. Paşinyan hökuməti Amerika Birləşmiş Ştatlarının, Türkiyənin və əgər qarantiya verərsə sionist rejimin tələblərinə uyğun olaraq, Azərbaycan və Türkiyə ilə düzgün və problemsiz əlaqələr qurmaq, öz hökmranlığını möhkəmləndirmək vədindən məmnundur. Paşinyana bu yolla Ermənistan hakimiyyətində qalacağı vəd edilir, o da bu fitnəkar plana aldanır. Halbuki, ermənilərlə türklər arasındakı 100 illik problemləri siyasi razılaşma ilə həll etmək olmaz.

Digər tərəfdən, Ermənistan sahib olduğu coğrafi mövqeyi möhkəmləndirmək üçün Qərbdən kreditlər alır. Ermənistan bu sövdələşməyə getməklə, sabah Türkiyə, Azərbaycan və ya Gürcüstan tərəfindən təhdid olunacağı təqdirdə strateji silah kimi istifadə edə biləcəyi İranla qonşuluğunu itirir, eyni zamanda düşməninə tranzit yönlü həssas bir vilayəti verir.

Bu geosiyasi və geostrateji zərər heç bir iqtisadi və ya siyasi vədlə kompensasiya edilə bilməz. Ermənistana bunun müqabilində Şimali Dağlıq Qarabağın – Dağlıq Qarabağın üçdə birinin sabitləşdirilməsi vəd edilir. Halbuki Zəngəzurun Azərbaycan Respublikasının bir əyalətinə çevrilməsindən sonra İrəvan Bakının Şimali Qarabağa hücumu ilə üzləşərək bu bölgəni də rahatlıqla itirəcək və Azərbaycanla Türkiyə arasında sıxışıb qalacaq. Əslində Paşinyan bu planı mənimsəməklə faktiki Ermənistan Respublikasına qarşı tarixi bir xəyanət edir və onun üçün daimi böhran əmələ gətirir.

4) Türkiyənin yayılmaçılıq siyasəti

Bir çox analitiklər Ərdoğanın və onun partiyasının bir müddət islamçı manevrlərindən sonra Rusiya-Türkiyə xəttinə yönəlməsini də təsadüfi görmür, onun İslamçılığa və şərqçiliyə heç bir aidiyyəti olmayan əsl simasını tədricən göstərdiyini bildirirlər. Bu minvalla, Türkiyə hakimiyyəti NATO-nun bir üzvü olaraq, Avropa-Amerika ittifaqının təsirini Rusiyanın, eləcə də İranın və Orta Asiyanın təsir dairəsinə qədər yaymaq kimi ənənəvi missiyasını həyata keçirir. Ərdoğan Türkiyəsi Xəzər dənizinin qərbində və əslində Cənubi Qafqaz bölgəsində strateji mövqe tutmağa çalışır. Amerika Azərbaycan və Ermənistan respublikaları ilə gizli əlaqələri genişləndirməklə aralarındakı düşmənçiliyi müvəqqəti həll etmək, iki düşməninin – İran və Rusiyanın Cənubi Qafqaz və Qərbi Xəzər regionundakı mövqelərini zəiflətmək istəyir. Bu planını isə Azərbaycanı müvəqqəti olaraq qazanan tərəfə çevirməklə, Ermənistanı isə aldatmaqla bu planı həyata keçirir.

Dəqiq statistika olmasa da, çoxsaylı hesabatlar İsrail rejiminin, xüsusən də Azərbaycan Respublikasının Qəbələ avia-bazasında yerləşdirdiyi təhlükəsizlik qüvvələrinin sayını artırdığını göstərir. Bu avia-bazada İsrail təhlükəsizlik qüvvələrinin sayı 500 və ya 1000 nəfər arasındadır…

Biz buna göz yumsaq, uzunmüddətli sərhəd təhlükəsizliyi problemi ilə məşğul ola bilərik, nəticədə İranın bölgədəki təsiri azalar. Əlbəttə ki, bu iddiaların gerçəkləşmək qabiliyyətinin olmadığı aydındır.

5) Məzhəb müharibəsilə təhdid və İranın şəhadət barmağı

Türkiyə və Azərbaycan hökumətləri özlərini başqalarından əvvəl ekzistensial bir böhrana sürükləyə biləcək böyük risklər alırlar. Əliyev hökuməti, şübhəsiz ki, şiəçiliyin mərkəzinə yaxın olan altı milyon şiəsi ilə, Ərdoğanın Türkiyədəki hökuməti isə təxminən 23 milyonluq ələvi şiəsi ilə üz -üzədir. İslam Respublikası heç vaxt Ərdoğanı və ya Əliyevi susdurmaq üçün bu kartlardan istifadə etmək istəməmişdir, onlardan fərqli olaraq və əxlaqi prinsiplərə əsaslanaraq, mehriban qonşuluq yolu tutmuşdur. Hətta iki dəfə bu iki hökuməti məhv olmaqdan xilas etmişik. İlham Əliyev, yəqin xatırlayar ki, Azərbaycan hökumətinə qarşı Corc Sorosun başçılıq etdiyi “məxməri inqilab”ın qarşısını İran və Rusiya arasında birgə təhlükəsizlik əməkdaşlığı ilə mümkün olmuşdur. Hansı ki, bu plan Amerikanın Mərkəzi Asiya və regional hökumətlərini dəyişdirmək layihəsi idi.

Ərdoğan da onu xatırlamalıdır ki, ABŞ-ın ona və AKP-yə qarşı çevrilişinə mane olan İran və general Süleymani idi.

İran indiyə qədər nəinki Türkiyə və Azərbaycan hökumətlərinə qarşı heç bir tədbir görməyib, əksinə hər zaman onları dəstəkləyib. Həm Ərdoğan, həm də Əliyev bilir ki, bu təxribatların da qarşısını almaqda İranın əli boş deyil və İslam Respublikasının şəhadət barmağı hazırlanmış təxribatların qarşısını onlarda təəssüf doğuracaq şəkildə ala bilər.

İranın şimal sərhədində baş verən hadisələr Ərdoğanın bir şəkildə, Əliyevin başqa bir şəkildə “oynadığı” Amerika-İsrail təxribatlarına bənzəyir. Amma bu, İran və Rusiyanın göz ardı edəcəyi bir oyun deyil”.

Ovqat.com-un şərhi

Göründüyü kimi, İran dini liderinə bağlı “Keyhan” qəzeti Azərbaycanı öz ərazisində suverenlik haqlarını bərqərar etdiyi, Türkiyəni isə öz qardaşını dəstəklədiyi üçün məzhəb müharibələri ilə hədələyir. Rəsmi Tehranın fikrincə, İran dini liderlərinin şəhadət barmağının bir işarəsi ilə Azərbaycandakı 6 milyon şiə, Türkiyədə isə 23 milyon ələvi ayağa qalxıb öz vətənlərini İraq və Suriya kimi məzhəb müharibələri poliqonuna çevirə bilər.

Yaxın Şərqə böyük fəlakətlər gətirən proseslərə “Keyhan” qəzetinin bu prizmasından yanaşanda hər şey aydın olur. Belə məlum olur ki, bu bölgələrdə 100 minlərlə insanın qanının axmasının, milyonlarla insanın didərgin düşməsinin əsas səbəblərindən biri də İranın şəhadət barmağıdır. İran həmin ərazilərdə öz maraqlarını təmin etmək xətrinə bütün bu müsibətləri müsəlman ölkələrinə yaşatmağa qərar vermişdir.

Əlavə şərhə ehtiyac görmürük

www.yenicag.az

1152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv