Zəngəzur dəhlizinin AÇARI: “Cənubi Qafqaz üçün sülhdən başqa düstur yoxdur” – Hasan Oktay

“Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra imzalanan 10 noyabr bəyanatı hələ də daimi sülh müqaviləsinə çevrilməyib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, professor Hasan Oktay deyib.

Analitik Zəngəzur dəhlizin açılması yönündə Türkiyə tərəfindən gələn müsbət sinqallarla bağlı fikirlərini söyləyib.

Xatırladaq ki, Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu Zəngəzur məsələsi ilə bağlı Ermənistandan müsbət xəbərlərin gəldiyini və detalların tezliklə aydınlaşacağını bildirib.

Prosesi şərh edən mütəxəssis əlavə edib ki, bölgədə plan və ambisiyaları olan bəzi dövlətlər bu atəşkəs sazişinin imzalanmasının qarşısını almaqla prosesi öz maraqlarına uyğun idarə etmək istəyirlər:

“Laçın dəhlizi noyabrın 10-da yaradılsa da, Türkiyə və Azərbaycanın gözləntisi olan Zəngəzur dəhlizi ilə bağlı nə bir fikir, nə də aydın bir həll var. Həm Türkiyə, həm də Azərbaycan Laçın dəhlizindən ilhamlanaraq, Zəngəzur dəhlizinin reallaşacağını gözləyirdilər. İlk növbədə, Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülhün reallaşması lazımdır ki, Ermənistan üzərindən müstəqil əlaqəsi olan dəhliz müzakirə olunsun.

Ermənistan hər fürsətdə öz ərazisindən onun nəzarətindən kənar heç bir keçidə icazə verməyəcəyini bəyan etsə də, əslində, belə bir gözləntinin yaranması çox da məntiqli proses deyil. Xüsusilə, Rusiya öz nəzarəti əsasında bu dəhlizi daha qabarıq göstərməyə çalışsa da, Ermənistan buna iki aspektdən qarşı çıxır.

Birincisi, heç bir razılaşma olmadan belə bir dəhlizin açılması mümkün deyil, ikincisi isə üçtərəfli sülh sazişi imzalanandan sonra belə bir dəhliz olacaqsa, Ermənistanın ona tam nəzarət edəcəyi gözlənilir”.

“Əgər sülh baş tutarsa və 10 noyabr sazişinin 9-cu maddəsinə uyğun olaraq, nəqliyyat və kommunikasiya xətləri açıq olarsa, o zaman dəhlizə ehtiyac qalmayacaq. Nə qədər ki, bu qeyri-müəyyənlik var, görünür, dəhlizlə bağlı daha çox müzakirələr olacaq. Türkiyə Cümhuriyyəti Nəqliyyat Nazirliyinin bu məsələ ilə bağlı əvvəlki illərdə verdiyi açıqlamalara baxsaq, görərik ki, hələlik burada həyata keçirilməsi mümkün olmayan arzudan söhbət gedir. Ona görə ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü sülhdən başqa Cənubi Qafqaza sülh gətirəcək başqa bir düstur yoxdur”, – o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29