Zəngəzur dəhlizinin açılmasına kimlər mane olur?

“Qarşımızda Ermənistan kimi güvənilməz ölkənin olduğu diqqətdən kənar saxlanmamalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajının layihənin reallaşmasına təsirindən danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, verilən müsbət mesajların olmasına baxmayaraq, dəhlizin əleyhinə olan qüvvələr prosesin əngəllənməsi üçün əllərindən gələni etməyə çalışırlar.

“Zəngəzur dəhlizi 10 noyabr bəyanatının şərtlərinə əsasən reallaşdırılmalı idi. Lakin bir sıra güclər və Ermənistanın havadarları layihənin gerçəkləşməsini istəmir.

Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Cənubi Qafqaz ölkələri üçün iqtisadi canlanma gətirən vacib platformaya çevrilə bilər. Ancaq təəssüflər olsun, bu günə qədər problemi həll etməli olan ölkələr iradəsini qəti şəkildə ortaya qoymur. Əksinə, Azərbaycanın sülhlə bağlı çağırışlarını, Rusiya və Türkiyənin passiv mövqelərini görməzdən gəlirlər. Belə olan təqdirdə, regionda əlavə gərginliklər yaranırdı.

Paşinyanın Rusiya səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı müsbət aura formalaşa bilər. Ancaq qarşımızda Ermənistan kimi güvənilməz ölkənin olduğu diqqətdən kənar saxlanmamalıdır. Çünki o, sülhlə bağlı da pozitiv mesajlar verirdi. Sonrakı dövrlərdə isə tamamilə sülh əleyhinə fəaliyyət sərgiləyirdi”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29