“Zəngəzur Dəhlizinin təməlinin atılması bunun əleyhinə çıxanları fakt qarşısında qoydu” – ŞƏRH

“Ermənistan da, onun himayədarı olan Rusiya da Azərbaycanın Zəngəzur Dəhlizindən imtina etməyəcəyini başa düşdülər”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonuna səfəri çərçivəsində Zəngəzur Dəhlizinin təməlinin qoyulmasını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycanla Türkiyənin regiondakı maraqlarının qorunması və genişləndirilməsi baxımından çox əhəmiyyətlidir:

“Bildiyiniz kimi, Zəngəzur Dəhlizinin açılması məlum üçtərəfli bəyanatın əsas müddəalarından biridir. Ermənistan o bəyanatın imzalanmasından sonra Zəngəzur Dəhlizinin açılmaması üçün müxtəlif bəhanələr uydursa da, Azərbaycan bu məsələdə sona qədər qətiyyətli olacağını bütün vasitələrlə diqqətə çatdırdı. Yəni Ermənistan da, onun himayədarı olan Rusiya da Azərbaycanın Zəngəzur Dəhlizindən imtina etməyəcəyini başa düşdülər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu gün baş tutan səfəri bir neçə aspektdən çox önəmlidir. Əvvəla, Azərbaycan və Türkiyə prezidentləri Füzuli Hava Limanının rəsmi açılışını etməklə işğaldan azad olunmuş bölgələrimizdə infrastruktur və digər layihələrin necə sürətlə, keyfiyyətlə aparıldığını göstərdilər.

Digər tərəfdən, prezidentlər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməlini qoydular. Məhz bu yolun inşasına başlanılması Zəngəzur Dəhlizinin əsasının qoyulması kimi başa düşülməlidir. Məsələnin siyasi yönünə baxsaq, bu addım Azərbaycanla Türkiyənin regiondakı maraqlarının qorunması və genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Eyni zamanda, Zəngəzur Dəhlizinin təməlinin atılması bunun əleyhinə çıxan Ermənistanı və onun himayədarlarını da konkret fakt qarşısında qoydu. İnanıram ki, Zəngəzur Dəhlizinin inşası nəzərdə tutulan müddətdə başa çatdırılacaq və öz təyinatı üzrə ölkəmizə fayda gətirəcək”.

A.Zeynalov