“Zəngəzurda hansısa hərbi əməliyyatın olacağı təhlükəsi var”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Güc faktoru” proqramına müsahibəsində erməni politoloq Artur Xaçikyan deyib.
O bildirib ki, ABŞ İranın Qafqaza girməsinə icazə verməyəcəyini bəyan edir və Türkiyənin Qafqaza girməsi onların maraqlarına uyğundur.
“Qarabağdan ermənilər köçəndə ABŞ bu barədə heç nə demədi. Lakin onlar İran və Rusiyanın Qafqazda mövcud olmamasında maraqlıdırlar.
“Orta dəhliz” iqtisadi məsələ deyil, hərbi-siyasi məsələdir. Bu, Türkiyə ilə Azərbaycanın birləşməli olduğu bir məsələdir. Amma biz onlara mane oluruq və buna görə yoxa çıxmalıyıq.
Onlara böyük bir Türkiyə lazımdır – İstanbuldan Bakıya qədər NATO üzvü olacaq.
Yəni Qara, Aralıq və Xəzər dənizlərində NATO donanması olacaq ki, bizim rusiyalı tərəfdaşlarımız bu barədə düşünməlidirlər.
Qərbin məqsədi Qafqazın Türkiyənin nəzarətində olmasıdır. Zəngəzur tədricən Ermənistanın nəzarətindən çıxır.
Əvvəlcə deyəcəklər ki, yolu zorla açmayın, amma bir növ dəhliz olmalıdır. O zaman Türkiyə və Azərbaycandan milyardlarla investisiya qoyulacaq və dəhliz açılacaq”,- deyə Xaçikyan əmin edib.
O əlavə edib ki, Qərb İranı məhz buna görə müharibəyə sürükləyir.
“Bəlkə də eskalasiya nəticəsində ABŞ-nin elan etdiyi kimi, İrana qarşı hava hücumları olacaq. İrana qarşı müharibə olarsa, o zaman İsrail, ABŞ, Böyük Britaniya, bəlkə də Fransa və Türkiyə iştirak edəcək.
Mən bilmirəm İran bu qədər qüvvəyə necə müqavimət göstərəcək? Rusiya bu vəziyyətdə İrana kömək edə bilməyəcək”, – Xaçikyan əlavə edib.
Onun sözlərinə görə, Zəngəzurda hansısa hərbi əməliyyat keçirilsə, müttəfiqlər Ermənistana kömək edə bilməyəcək.
“Zəngəzuru bir zərbə ilə ala bilərlər. Türkiyənin və Azərbaycanın güc potensialı artır, bizimki isə azalır. Ətrafımızdakı vəziyyət getdikcə qeyri-sabitləşir.
Bizim iki potensial müttəfiqimiz var idi – Rusiya və İran. İndi onların heç biri ilə sabit münasibətlərimiz yoxdur.
Bəli, Ermənistanın cənubunda – Zəngəzurda hansısa hərbi əməliyyatın olacağı və dünya həmişə olduğu kimi buna göz yumacağı təhlükəsi var”, – deyə ekspert yekunlaşdırıb.
Xuraman Etibarlı