Zəngilanda və Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat – FOTO

Zəngilanda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.

***

Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.

Belə ki, ermənilərin ataraq qaçdığı 2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 “AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.