Zərdabda erkən nikahın qarşısı alındı

Zərdab rayonunda erkən nikah faktının qarşısı alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsindən Yenicag.az-a bildirilib ki, 19.08.2020-ci il tarixdə Komitəyə “Təmiz dünya” İctimai Birliyi tərəfindən Zərdab rayon kənd sakininin 2006-cı il təvəllüdlü qızını erkən nikaha məcbur etmək məqsədi ilə nişanladığına dair məlumat daxil olub.

Müraciətin araşdırılması barədə Komitə nəzdində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) müvafiq tapşırıqlar verilib.

Məsələ ilə bağlı Zərdab UADM-nin, Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis Şöbəsinin məsul əməkdaşları ailəyə səfər edib, vəziyyətlə yerində maraqlanıblar.

İlk növbədə azyaşlı ilə söhbət aparılıb və məlum olub ki, valideynləri 14 yaşlı qızı məcburən təhsildən yayındıraraq nişanlayıb, orta təhsilini başa vuraraq ali məktəbə daxil olmaq istəyinin reallaşmasına məhdudiyyət qoyublar. Bununla da həddi-buluğa çatmamış azyaşlının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bir sıra hüquqlarının pozulmasına kobud cəhd olunub.

Məsələ barədə uşağın təhsil aldığı kənd məktəbinin direktoru məlumatlandırılıb, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməli olduğu onun diqqətinə çatdırılıb.

Həmçinin uşağın valideynləri törətdikləri kobud qanun pozuntularının mahiyyəti və müvafiq normativ aktlarda nəzərdə tutulan hüquqi məsuliyyətləri ilə əlaqədar məlumatlandırılıb, izahatları alınaraq onlara ciddi xəbərdarlıq edilib.

İctimaiyyətin haqlı qınağına səbəb olan bu hadisə Dövlət Komitəsi və Zərdab Rayon İH-də fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” çərçivəsində nəzarətə götürülüb.

Eyni zamanda məsələnin həddən artıq ciddiliyini və nikaha girmək istəyən digər tərəfin də məsuliyyət daşıdığını nəzərə alaraq qarşı tərəflə də məcburi erkən nikahın qarşısının alınması istiqamətində müvafiq iş aparılır.