Zərdabın polis rəisi şəhid övladını təhdid edir – Şikayətçi intihar həddinə çatdırılıb – İddia

“Daxili İşlər Nazirliyinə etdiyim şikayətdən sonra qeyri-qanuni yazılmış protokol ləğv olundu”.

Yenicag.az-a müraciət edən Zərdab rayon sakini, şəhid övladı Ülvi Zahid oğlu Bəkirzadə yerli polisin rəhbərliyi tərəfindən təhdid olunduğunu bildirib.

Ülvi Bəkirzadənin sözlərinə görə, Zərdab Rayon Polis Şöbəsinin rəisi Azər Əfəndiyev onunla prinsip aparır:

“Atam Zərdabın ilk polis şəhididir. 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Zərdab rayonu Dövlət Yol Polisi İdarəsinə yeni təyin edilən rəis Razi Hüseynov xəbər göndərmişdi ki, onunla görüşüm.

Həmin görüşə getməmişdim. Sonra qarşımı kəsərək, niyə gəlmədiyini soruşdu. Cavab verdim ki, həm istəmədim, həm də 30 ildir, Zərdabda yaşayıram, bir dəfə də polislik işim olmayıb. Sonradan öyrəndim ki, o, şəhid övladları ilə görüşmək istəyirmiş.

Bu vaxt mənə qırmızı işıqda keçməklə bağlı protokol yazdılar. Daxili İşlər Nazirliyinə etdiyim şikayətdən sonra qeyri-qanuni yazılmış protokol ləğv olundu. Bundan sonra mənimlə prinsip aparmağa başladılar”.

Ülvi Bəkirzadə onun sürücülük vəsiqəsinin əlindən alınması ilə bağlı yerli polisin rəhbərliyi tərəfindən iş aparıldığını deyib:

“Mənə xəbər çatdı ki, sürücülük vəsiqəmlə bağlı araşdırmaya başlanılıb. Xəstəxanaya sorğu göndərilib ki, mənə sürücülük vəsiqəsi necə verilib. Epilepsiya xəstəsiyəm, ikinci qrup əliləm. Rayonun polis şöbəsinin və yol polisinin rəisləri bununla bağlı haqqımda araşdırma aparmağa başladıblar.

Daxili İşlər Nazirliyinə də şikayət məktubu yazaraq bildirmişəm ki, əgər onlar mənimlə prinsip aparmağa son qoymasalar, özümü elə polis şöbəsinin qarşısında yandıracam”.

Səxavət Məmməd