Zərdüşt Əlizadə: “Onların Əli İnsanovun ətrafında birləşmək ehtimalı sıfır səviyyəsindədir” – VİDEO

“Yüksək vəzifələr tutan Qərbi azərbaycanlılar öz isti yerlərini qoyub, Əli İnsanovun xatirinə riskə gedəsi deyillər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun Qərbi Azərbaycandan olan elektoratı öz ətrafında birləşdirmək niyyətinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin fikrincə, regionçuluğa əsaslanan siyasi fəaliyyətin mənası yoxdur:
“Azərbaycanda region faktoru hələ Sovet dövründə ciddi amil kimi çıxış edib. O vaxtlar çalışırdılar ki, narazılığın yaranmaması üçün kadrların təyinatı zamanı regional balans gözlənilsin, bölgələr üzrə təmsilçilik nəzərə alınsın.

Çox təəssüf ki, müstəqilliyin bərpasından sonra da region amili neqativ planda öz aktuallığını saxladı. Bu isə onu göstərir ki, Azərbaycanda millətləşmə prosesi hələ də yekunlaşmayıb.

Əli İnsanova gəldikdə isə onun Qərbi azərbaycanlıların dəstəyi ilə önə keçmək niyyətinin baş tutması mümkün deyil. Unutmaq lazım deyil ki, yüksək vəzifələrdə həmin bölgədən olan xeyli insan var. Onlar öz isti yerlərini qoyub, Əli İnsanovun xatirinə riskə gedəsi deyillər.

O cümlədən, həmin bölgədən olan sıravi vətəndaşların da İnsanovun ətrafında birləşərək, onu liderə çevirmək ehtimalı yox dərəcəsindədir. Ümumiyyətlə, ölkədə regionçuluq üzərində siyasət qurulmasını aradan qaldırmaq lazımdır”.

A.Zeynalov