Zərifə Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib – FOTOLAR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, 26 aprel 2019-cu il tarixdə,əvvəlcə daimi nümayəndəliyin kollektivi Fəxri Xiyabana gələrək,müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül-çiçək dəstələri qoymuş,unudulmaz şəxsiyyətlərə dərin hörmət və ehtiramlarını bildirmişlər.Daha sonra Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində böyük oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın doğum günününə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək qeyd edib ki,tariximizdə silinməz iz qoymuş,Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru,görkəmli oftalmoloq-alim,ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti,xeyirxah əməlləri,vətən naminə gördüyü böyük işləridir: “Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə xanım Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir.Zərifə xanım Əliyeva bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış,elmin çətin yollarında inamla irəliləyərək,tibb elminin ən uca pillələrinə yüksəlmiş,çox məsuliyyətli,eyni zamanda,ibrətamiz,nümunəvi bir həyat yolu keçmişdir.1923-cü il aprelin 28-də Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həyatını Azərbaycan mədəniyyətinin,musiqisinin,elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov,Müslüm Maqomayev,Mir¬əsədulla Mirqasımov və başqa görkəmli şəxsiy¬yətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçirmişdir.Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir.Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan qədər möhkəm iradəli və əyilməz,nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi.”

Xalqımızın ümummilli lideri Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım haqqında deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq,arxa olduğuna görə,ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir.O,çox istedadlı,çox sadə insan idi.Onun xatirəsi bizim qəlbimizdə,bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

“Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir.Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır.1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur.Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış,fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində,o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş,xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır” – deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etdi.

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki,Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur.Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır.Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirmişdir.Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır.Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır.

“Elmi və ictimai fəaliyyəti ilə yanaşı,Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana,vəfalı ömür-gün yoldaşı idi.”-deyən Bəxtiyar Əsgərov qeyd etdi ki,O,ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan,xalqı üçün çalışan övladlar böyütmüşdür.Görkəmli alimin ürəklərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaqdır.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki,elmi tədqiqatların bacarıqlı təşkilatçılığı,dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq,məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki,Zərifə xanım Əliyeva həm həkimliyin,həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir”.

“Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi,mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki,onun fəaliyyətinə nəzər salarkən,bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.Zərifə xanımın fitri istedada malik novator alim,pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü,keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı,hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.Onun elmi,tibbi və pedaqoji fəaliyyəti,hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə,kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır.Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bu böyük insanın-görkəmli alim,böyük və xeyirxah insan,qayğıkeş ananın hər il doğum günündə xatırlanması,bir sözlə,onun adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.”

Tədbir digər çıxışlarla davam etdirilmişdir.