ABŞ-ın Nyu-York şəhərində başlayan Hakan Atillanın məhkəməsində şahid olmağı qəbul edən Rza Zərrab bu gün şahid qismində məhkəmə zalına gətirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan əsilli iranlı iş adamı məhkəmədə türkcə ifadə verib və tərcüməçidən istifad edib. O, həbsxanadan çıxıb, oteldə qaldığı barədə iddiaları rədd edib. FBİ nəzarətində saxlanıldığını deyən Zərrab, həbsxana gözətçilərinə rüşvət verdiyinə dair iddiaları qəbul edib.
Məhkəmədə adları çəkilən şəxslərin yer aldığı sxemin ən üst pilləsində İranın sabiq prezidenti Mahmud Əhmədinejad və bu ölkənin ruhani lideri Ali Xameneyi durur. Onların altında həmin dövrün iranlı vəzifə sahiblərinin adlarına rast gəlmək olar. Daha altda isə Atilla, Aslan, sabiq türk nazir Çağlayan və Zərrab var. Prokurorla işbirliyinə başlayan Zərrabın bu adların altında göstərilməsi diqqət çəkir.
Zərrab ifadəsində bunları da dilə gətirib: “Ticarət öncə İranın Türkiyəyə neft və qaz satması ilə başlayıb. İran Beynəlxalq Neft Şirkəti (NIOC) neftin satışını “Tüpraş”a, qazın satışını isə “Botaş”a edərdi. Onlar da İran Beynəlxalq Neft Şirkətinə borclu qalardılar. “Tüpraş”, “Botaş” və İran Beynəlxalq Neft Şirkətinin “Halkbank”da hesabları var”.
Zərrab, “İran Mərkəzi Bankına maliyyə xidmətlər göstərilməsi haqqında anlaşma əldə edə bildinizmi?” sualına, müsbət cavab verib. O, İranın sabiq prezidenti Əhmədinejadla münasibətləri ilə də bağlı ifadə verib. Rza, İran Mərkəz Bankı ilə anlaşmasının başa çatmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də yer aldığı “Bank Mellat” ailəsiylə tanış olduğunu və ABŞ embarqosunu “Mellat”la yardığını söyləyib.