!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zeynəb Xanlarova siyasi proseslərdən xəbərsizdir - Ekspert rəyi

!Reklam – Yazi

Bir neçə gün öncə millət vəkili Zeynəb Xanlarovanın Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə bağlı xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bu gün isə millət vəkili parlamentin iclasında tam fərqli çıxış edərək, “Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm ki, balalarım ölür; birdəfəlik müharibə etməliyik. Biz öz torpaqlarımız uğrunda vuruşacayıq” deyə bəyanat verib.

Görəsən görkəmli sənətkar az bir müddətdə niyə bir-birinə əks fikirlər səsləndirir?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, millət vəkili belə ziddiyyətli fikirlər səsləndirilməsinə ilk olaraq özü münasibət bildirməlidir:

“Gedib qoşulub sülh platformasına, indi də deyir ki, müharibə etmək lazımdır. Axı sən hansı mövqeyini müdafiə edirsən? Vaxtı ilə Leyla Yunusun Ermənistandakı bəzi qeyri-hökumət təşkilatları ilə əlaqəsinə görə onu az qala “vətən xaini” elan etdilər. Amma Zeynəb Xanlarovanı tərifləyirlər, alqışlayırlar. Bu, onu göstərir ki, Zeynəb Xanlarova bu proseslərə şüurlu qoşulmayıb, müəyyən tapşırıqlar yerinə yetirir. Ona görə də əvvəl gedib sülh platformasına qoşulur, sonra da müharibə çağırışı edir. Bu onu göstərir ki, belə insanların hərəkətlərinin arxasında ciddi iradə dayanmır, sadəcə formal xarakterli addımlar atırlar”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib ki, 20 il ərzində ATƏT-in Minsk qrupunun iştirakı ilə sülh danışıqları həllini tapmırsa, bir sıra QHT-nin və müəyyən insanların yer aldığı sülh platforması yaradanlar heç vaxt torpaqları geri qaytara bilməyəcəklər:

“Bu sülh platforması ancaq və ancaq özünü aldatmaqdan başqa bir şey deyil. Torpaqların geri qaytarılmasının yolu müharibədən keçir və Azərbaycan xalqı da buna hazırdır. Zeynəb Xanlarovanın belə münasibət sərgiləməsinə gəlincə, ilk növbədə onu deyim ki, o, Azərbaycan xalqı tərəfindən sevilən bir sənətkardır. Zeynəb xanım müğənnidir, siyasətçi deyil ki, biz onun ikibaşlı səsləndirdiyi fikirlərə qiymət verək. Düşünürəm ki, məhz siyasətçi olmadığı üçün səhvə yol verib. Gah deyir, torpaqları sülhlə, gah da müharibə yolu ilə alaq. Bu da onu göstərir ki, Zeynəb xanım siyasi proseslərdən xəbərsizdir. 20 ildən artıqdır ki, beynəlxalq təşkilatlar Azərbaycana sülh nağılları danışır və bizi yuxuya verib, torpaqları ermənilərə bağışlamaq istəyirlər.  Buna görə də Zeynəb xanımı biz başa düşürük, incimirik, qınamırıq”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv