!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibil qutularına görə İlham Əliyevə müraciət – “Övladlarımız təhlükədədir” - VİDEO

!Reklam – Yazi

Paytaxtın Xətai rayon Araz Novruzov küçəsində yaşayan sakinlər sözün əsl mənasında “zibil”ə düşüblər.

Yenicag.az BakuPost-a istinadən xəbər verir ki, ərazidə qalaqlanan məişət tullantıları ciddi antisanitariya problemi yaradır. Xüsusilə yay aylarında pis qoxu və milçək əlindən dayanmaq olmur.

Sakinlər deyir ki, küçədə yalnız bir yerdə zibil qutuları var. Bu isə onların tələbatını ödəmir. Yaxınlıqda yerləşən Vərəm Dispanserinin zibillərinin də burada yaşamağı məşəqqətə çevirib. İsti yay günlərində sakinlər üfunətdən, həşəratların əlindən evlərində belə otura bilmir. Bir sözlə ensiz, dar küçədə qoyulan məişət tullantıları qutuları sözün əsl mənasında xəstəlik, epidemiya, virus mənbəyinə çevrilib. Günlərlə qalaqlanan zibil sakinlərin yaşayışını dözülməz həddə çatdırıb.

Üstəlik zibil yeşikləri məhəllədiki ərzaq mağazasının düz qarşısında qoyulub. Sanki hər şey sakinlərin qəsdinə dayanmaq üçün düzülüb-qoşulub.

Yoxsa yaxınlıqda boş ərazi olduğu halda, aidiyyəti qurumlar zibil yeşiklərinin məhz burada – camaatın “ağzının içində” qalmasına niyə israr etsin ki?

Boş ərazinin hansı məqsədlə saxlanıldığı məlum deyil, yəqin, daha vacib məqsədlər üçün saxlanılıb. Sakinlər dəfələrlə etiraz əlaməti olaraq zibil yeşiklərini başqa yerə qoysalar da, icra nümayəndələri onları tutdurmaqla hədələyərək, qutuları əvvəlki yerinə qaytarıblar.

“JEK nümayəndələri deyirlər ki, 30 ildir belədir, indi də belə olmalıdır. Axı indi 30 il əvvəlki Azərbaycan deyil. Bunu hansısa formada həll etmək olar. Zibil qutuları standartlara uyğun yerləşdirilməlidir – küçə, buradakı yaşayış nəzərə alınmalıdır. Onsuz da bu küçə dar olduğundan iki maşın zorla keçir. Bu dar küçədə zibil qutularının qoyulması əlavə problemlər yaradır. Tullantıların yaratdığı antisanitariya bir yana evə gələn qonaqdan utanırıq. Maşın saxlamaq olmur, uşaqlar küçədə oynaya bilmirlər, insanlar çölə çıxa bilmir. Yayın istisində pəncərələri aça bilmirik” – məhəllə sakini Cavid Qurbanov belə deyir.

Sakinin sözlərinə görə, problemin həlli üçün hara müraciət etsələr də, nəticəsiz qalıb. Aidiyyəti qurumlar məsuliyyəti öz üzərlərindən atırlar: “Biz problemlə bağlı Bakı Şəhər İcra hakimiyyətinə müraciət etdik. Onlar bizi Xətai Rayon İcra Hakimiyyətinə yönəltdi. Burada dedilər ki, Mənzil Kommunal Təsərrüfat Birliyi Departamentinə müraciət edin. Orada isə bizi “JEK”-ə yönləndirdilər. JEK nümayəndələri isə deyir ki, bizlik deyil. Zibil qutularını küçədən götürmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən kimsə göstəriş verməlidir”.

Çarəsiz qalan sakinlər yenidən Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına müraciət ediblər. Aidiyyəti qurumların bu məsələyə dırnağarası yanaşması, insanların taleyinə biganəliyi sakinlərdə hiddət doğurur: “Biz indi bir zibil qutusu probleminin həlli üçün də prezidentdən kömək istəməliyik? Bu problemi həll etmək üçün küçələrə çıxmalıyıq? Niyə bizə belə biganə yanaşırlar? Necə ola bilər ki, adamı “zibilin içində yaşamağa” məcbur etsinlər”.

Problemin həllinə ümidlərini itirən sakinlər övladları üfunət içində böyüməsin deyə artıq evlərini satıb köçmək barədə düşünürlər. Problemlərinə biganə yanaşan məsul rəhbərlərə isə bir sualları var – Görəsən onlar öz balalarına belə bir şəraitdə yaşamağı rəva görərlərmi?

www.yenicag.az

3858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv