“Zirə” öz meydanında “Qarabağ”a məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin ilk qolunu 10-cu dəqiqədə Ramil Şeydayev vurub.

47-ci dəqiqədə Kadi Borges ikinci dəfə meydan sahiblərini məyus edib. “Zirə”nin qapıçısı Mehdi Cənnətov penaltini dəf etsə də, 26 yaşlı braziliyalı yarımmüdafiəçi qayıdan topu qapıdan keçirib. Borges 64-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 46-a çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Qartallar” isə 35 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Sabah” evdə “Səbail”i minimal hesabla yenib – 1:0. Turun ilk oyun günündə “Keşlə” evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə “Qəbələ”yə qalib gəlib – 4:0.