“Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirildi

“Zirə” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.

Yenicag.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.

“Qartallar” bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.