“Zirə”nin qazancı AÇIQLANDI: UEFA-dan 2 milyon avroya qədər gəlir əldə edəcək

“Bu turnirlərdə qruplara vəsiqə qazanmaq üçün keyfiyyətli, səviyyəli futbolçulara da sahib olmaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Zirə”nin avrokuboklarda pley-off mərhələsində qədər gəlib çatması və “Omoniya” ilə keçirəcəyi cavab qarşılaşmasından danışan idman jurnalisti Emin Abbasov deyib.

Onun sözlərinə görə, “Zirə”nin avrobuboklarda pley-off mərhələsinə qədər gəlib çıxması həm ümumən Azərbaycan futbolunun reytinqi, həm də klubun öz tarixi baxımından çox əhəmiyyətli bir hadisədir:

“Çünki çoxları komandamızın bu yerlərə qədər gəlib çıxacağını gözləmirdilər. Lakin bu turnirlərdə qruplara vəsiqə qazanmaq üçün keyfiyyətli, səviyyəli futbolçulara da sahib olmaq lazımdır. Gəlin, “Zirə”nin hansı oyunçularının neçəsinin avrokubok qruplarında oynamasına baxaq, fikrimcə heç biri. Burada təcrübə, futbolçuların səviyyəsi çox vacibdir. Baxsaq, Kiprdə o abu-havaya da düşdülər. O emosional təzyiqi görəndə tab gətirə bilmədilər. Amma ümumən dediyim kimi, bu komanda üçün tarixi hadisədir. Təxmini hesablamalara görə, komanda bu mövsüm avrokuboklarda çıxışına görə UEFA-dan 2 milyon avroya qədər gəlir əldə edəcək ki, bu, klubun tarixində, ümumiyyətlə, onun büdcəsi üçün əhəmiyyətli bir vəsaitdir”.

E.Abbasov qeyd edib ki, belə mərhələdə təcrübə, səviyyə baxımından “Zirə”nin futbolçuların əksəriyyəti ayaqlaşa bilmirdilər:

“Birinci oyunda dediyim kimi, Kiprdə emosional atmosferə düşdülər və o təzyiqin altından çıxa bilmədilər, ard-arda qollar gəldi, yerli və əcnəbi futbolçuların sıra ilə səhvlər buraxırdılar. Göründü ki, belə mərhələdə təcrübə, səviyyə baxımından “Zirə”nin futbolçuların əksəriyyəti ayaqlaşa bilmirlər. Bundan sonra necə olmalıdır, əslində, bu, komanda üçün bir xoş siqnal idi. Göründü ki, qruplara düşmək olar və bunun üçün şans da var idi və növbəti mövsüm üçün heyəti daha da gücləndirmək lazımdır. 4, 5, 3 səviyyə futbolçular olmalıdır ki, həmin yükü daşıya bilsinlər. Bu gün “Zirə”nin büdcəsi “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalardan geri qalır. Qrupa düşmək üçün isə, ən azı sözügedən klublar kimi büdcələri olmalıdır ki, səviyyəli futbolçular transfer edə bilsinlər. Bundan sonra bəlkə müəyyən şanslar yaranar”.

Mütəxəssis əlavə edib ki, cavab oyununa gəldikdə isə bu formallığa çevrilib:

“Azarkeşlər üçün yəqin ki, kiçik təsəlli yaxud ən pis halda heç-heçə ola bilər. Amma birinci oyundan sonra oyunçular özləri də psixoloji cəhətdən bir az düşkün vəziyyətdədirlər. Nə qədər toparlana, özlərinə gələ biləcəklərini demək çətindir. Çünki çempionat oyununda “Şamaxı”ya məğlub olublar. İki ardıcıl məğlubiyyət yaşayıblar. Lakin hər halda, bu gün məğlub olub yaxud da qalib gəlmələrindən asılı olmayaraq, “Zirə”yə bu yerlərə gəlib çatdığı üçün təşəkkür etmək lazımdır. Çünki uzun illər yalnız “Qarabağ”ın Azərbaycana reytinq xallarını qazandırdığını görürdük. Bu baxımdan “Zirə” bu mövsüm “Qarabağ”a çox dəstək oldu və Azərbaycan adına bizim üçün əhəmiyyətli reytinq xallarını qazandırdı”.

İsmayıl Bakuvi

COP29