“Rusiya hüquq-mühafizə orqanları ölkədəki müharibə şəraitini əsas gətirərək insan hüquqlarının pozulmadığını əsaslandıra bilirlər. Hazırkı vəziyyət Rusiyanın çarəsizlik sindromu sayılır. Müharibə sonlanmayana qədər cəbhəyə yollanmaq istəməyən vətəndaşların sayı artacaq”.
Bunu Rusiyada insanların zorla evlərindən çıxarılıb cəbhəyə göndərilməsinin hərbi qaydalara nə qədər uyğun gəldiyi haqda fikirlərini səsləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya 96 saat ərzində Ukrayna üçün planladığı hərbi əməliyyatı 540 gündən çoxdur tamamlaya bilmir:
“İnsanların zorla evlərindən çıxarılıb cəbhəyə göndərilməsi resursların təzələnməsi deməkdir. Rusiya artıq bir dəfə səfərbərlik həyata keçirib. Bu dəfə də hərbi səfərbərlik keçirəndən sonra artıq hər kəs yayına bilməyəcəyini başa düşdü. Konstitusiyaya səfərbərlik yaşı ilə bağlı düzəlişdən sonra insanlar qaçmağa və gizlənməyə başlayıblar. Çünki reallığı hər kəs dərk edir. Rusiya itkilərini gizlətsə də, bir çoxu gerçəkliklərdən müəyyən qədər xəbərdardır. Bu səbəbdən insanlar yayınmağın tək yolunu qaçıb gizlənməkdə görür.
Hüquq-mühafizə orqanları müharibə ehtiyaclarını ödəmək üçün gizlənənləri zorla toplayaraq cəbhəyə göndərmək istəyir. Rusiya konstitusiyanı elə tənzimləyib ki, hər kəsin əli qolu bağlıdır. Ölkədən çıxışa belə qadağa var. İnsanlar yalnız evlərini tərk edərək başqa vilayətlərdə gizlənib həyatını davam etdirə bilər. Bu isə çox çəkməz.
Rusiya hüquq-mühafizə orqanları ölkədəki müharibə şəraitini əsas gətirərək insan hüquqlarının pozulmadığını əsaslandıra bilirlər. Hazırki vəziyyət Rusiyanın çarəsizlik sindromu sayılır. Müharibə sonlanmayana qədər cəbhəyə yollanmaq istəməyən vətəndaşların sayı artacaq”.
Nəsimi Ələsgərli