Zülfiyyə: “Ağırdır, onu ağlayan görmək istəmirdim…” – FOTO

“Dost itirmək çox ağırdır. Mən bunun ağırlığını bu qəzada ən yaxın dostunu itirən İlqarın səhərə qədər yatmadan siqareti siqaretə calamağından hiss etdim…”

Yenicag.az xəbər verir ki, tanınmış aparıcı İlqar Mikayıloğlunun xanımı Zülfiyyə Bayramova dünən helekopter qəzasında şəhid olan polkovnik Füzuli Cavadov barədə paylaşımında qeyd edib.

Z.Bayramova İlqar Mikayıloğlu ilə Füzuli Cavadovun birgə fotosunu paylaşaraq, ağrısını belə ifadə edib:

“Dost itirmək çox ağırdır. Mən bunun ağırlığını bu qəzada ən yaxın dostunu itirən İlqarın səhərə qədər yatmadan siqareti siqaretə calamağından hiss etdim. Səhərə qədər nə o yatdı, nə də mən. Hər ikimiz səssizcə çəkirdik bu ağrını. Bir-birimizlə danışmadan. Mən İlqara söz deməyə qorxurdum, qorxurdum ki, dolub dayanmış İlqara söz desəm bəlkə də ağlayar. Mənsə onu ağlayan görmək istəmirdim. O da mənə söz demirdi, bəlkə də söz desə səsi titrəyəcəyindən çəkinirdi, ya da öz aləminə elə qapanmışdı ki, gözü heç kimi görmürdü. O, dostunu və dostu ilə bərabər şəhid olan igidləri düşünürdü, mənsə o igidlərin ailəsinin nələr yaşadığını, bu xəbərin ağırlığından necə məhv olduqlarını düşünürdüm… “İlan vuran yatdı, biz yatmadıq” misalını yaşadıq… Bu gecə bizi ilan vurmuşdu. Allah sizə rəhmət etsin Füzuli və dostları. Yeriniz cənnət olsun”.

Cəvahir