Şükür, jurnalistlər üçün inşa edilmiş ikinci binanın təhvil verilməsindən sonra cameəmizdə qopmuş tufan səngimək üzrədir. Bu yazının məqsədi isə çox qaşıdılıb-qanadılan, artıq kövrək qaysaq bağlamış “yara”nı qurdalamaq deyil.

Yeni binada mənzil almış həmkarlarımızın adları açıqlandıqdan sonra başlayan qovğa bu çox əlamətdar hadisədən yazmağa imkan vermirdi. Yəqin ki, artıq olar.

İyulun 19-da – daimi yaşayış ünvanını dəyişəcək 255 jurnalistin adı bir-bir məlum olduqca, sosial şəbəkələrdəki eyforik ovqatı təkrar xatırlayıram. Mənzil üçün müraciət etmiş qələm sahibləri dərin intizarla bəlkə də həyatlarının xəbərini gözləyirdilər. Mən də istisna deyildim.

“Facebook”da şad xəbər alan jurnalistlər inanılmaz emosiya ilə öz sevinclərini paylaşırlar. Aralarında şəxsən və ya qiyabi tanıdığım yazarlar da var. Onların sevinci bizə də sirayət edir, ümidləndirirdi…

Ancaq bu sevinci tam yaşamaq yenə mümkün olmur. Mənzillə təmin olunan yazarların ilk 50-si hələ bəlli olmadan “təftiş”çilər yenə dövrəyə girdilər. “Ədalətsizlik” və bu kimi qiymətləndirmələr prosesi təqib edən həmkarlarımızın bir çoxunda şübhə hisslərini oyadır.

Saatlar ötüb, adlar məlum olduqca, bu prosesə daxildən və xaricdən vurulan rənglər də getdikcə “tündləşdirilirdi”. Axşama doğru isə təbrikləri qəbul edən 255 jurnalistin kimliyini isə artıq bilirdik.
Adımız onlarla bir sırada olmasa da, dostlarımız üçün çox sevincliyik. Birilərinə yazaraq, digərlərinə zəng vuraraq, yeni mənzilləri ilə bağlı ən xoş sözlərimizi çatdırırdıq.

Yox ki, yox… “Təftişçilər” sakitləşmək bilmir.

Mənzil sahibi olmuş (həm də olmayan) həmkarlarımızdan çoxunun onlara yönələn münasibəti sərt, həm də dəqiqdir.
Narazıların sırasına baxıram. Ölkədə olanı da var, müxtəlif vaxtlarda Avropaya mühacirət edəni də. Əsas fəallıq da sonunculardan gəlir. “MEYDAN”çada rəqibin qapısında oturmuş komandanın pleymeykeri kimi davranırlar.

Mənzil bölgüsündən kənarda qalan həmkarlarımızı tamamilə başa düşürəm – mən də onlardan biriyəm. Aralarında müasir mediamızın təşəkkülündə danılmaz əməyi olanlar, imzası peşəkarlıq möhürünə çevrilənlər də var. İddiaları, etirazları yerində olsa da, qatarın arxasınca qaçmağın faydasızlığını özləri başqalarından yaxşı anladılar. Budur, sözlərini dedilər və dayandılar.

Lakin mühacirlər dayanmırlar. Bəlkə də dayanmalarına icazə vermirlər – ipləri öz əllərində deyil ki… Ona görə də bacardıqları tək işə – vətənlərinə və soydaşlarına üfunət püskürməyə davam etməkdədirlər. Rəsul Quliyev 20 ildir oturduğu Amerikadan ölkə müxalifətinə siyasi reseptlər göndərdiyi kimi, bunlar da öz arşınları ilə “ədalət ölçməyə” girişiblər. Unutduqları əsas məqamsa ayna qabağında dayanmalarıdır…

Yenə qayıdaq adlara, sevincləri ilə bizi də fərəhləndirən həmkarlarımıza… Yuxarıda da vurğuladım, mənzil alan həmkarlarımız arasında dostlarımız az deyil. Siyahıya baxıram….

Kamil Həmidov… 1998-ci ildən, parlament müxbiri olaraq tanışıq, dostuq. Son illər Gün.Az-da birlikdə, eyni otaqda çalışmışıq. Bir-birimiz haqqında bilməli olduğumuz hər şeydən xəbərdarıq. Kamilin hansı maddi-mənəvi sıxıntılar içində olub da, həyatla savaşdığını bilirəm. Onun dövlətdən mənzil almasına, həyatının böyük bir problemini çözməzinə necə sevinməyim?

Aqil Ələsgər… Mənzil alması haqda xəbər uşaqkən ürəkdən yaşaya bilmədiyi sevinci yenidən Aqilin çöhrəsinə qaytardı. Özü demiş, dişi-dırnağı ilə bu yerlərə gəlib çıxan, arxasında, bank termini ilə söyləsək, “qırmızı nöqtə” buraxmayan bu dostumuzun fərəhinə necə sevinməyim?

Azər Rəşidoğlu… Müstəqil mediamızın patriarxlarından biri… Dövlətin ona mənzil verməsi xəbərinə qələmi kəskin həmkarımız yəqin ki, hər kəsdən daha çox təəccüblənir. Bəlkə də şokdadır… Siyasətdən yazsa da, gerçək bir ruh adamı olan, gülüşü də üzündəki kədəri silə bilməyən Azər dostumuzun qarşılaşdığı bu sürprizə necə sevinməyim?
İradə Sarıyeva…. “Bakı-Xəbər”-də təqribən iki il bir yerdə fəaliyyət göstərmişik. Həyatın necə sınaqlarından keçdiyini, çiyinlərində hansı ağır yükü daşıdığını bilirəm. Mənzil aldığını eşidib, ağlayan İradənin fərəhdən axan gözyaşlarına necə sevinməyim?

Nahid Canbaxışlı… Bu həmkarımız daim hədəfdədir. Özü də kimlərinsə yox, əsasən, jurnalistlərin. Haqqında yazılmayan nəsə qalmayıb. Dövlət ona da mənzil verdi. Nahid haqqında kim nə deyir-desin, mənə maraqlı deyil. Ona vəkillik etmək niyyətim də yoxdur. Ancaq Nahid ən azı Qarabağ döyüşlərinin iştirakçısı kimi o mənzili haqq edir. Bu fakt mənim Nahidə münasibətimi müəyyənləşdirən həlledici məqamdır. Onunla eyni vaxtda bir səngərdə çiyin-çiyinə dayanmasaq da, silah yoldaşlığı zaman-məkan tanımaz. Silah və qələm yoldaşımın yeni mənzil almasına necə sevinməyim?

Asəf Quliyev, Fazil Əhməd, Əfqan Qafarlı, Asif Nərimanlı, xanım həmkarlarımızdan Jalə Mütəllibova, Aygün Muradxanlı, daha neçə tanınmış imza sahibi… Onların bu xoş günlərinə həqiqətən sevindim.
Anamın telefonda “Sənə mənzil düşmədi ki?” sualını bitirməsini gözləmədən, mövzunu dəyişərək, sevindim. Üstümə qaçan övladlarımın “Bizə ev verilmədi?” sualını havada saxlayaraq, sevindim. O sevinci hətta doğmalarımın belə yarıda kəsmələrinə imkan vermədim.

Dostların sevincini görmək, o sevincdən pay götürmək gözəl hissdir. Onların 1000 il də keçsə, yenə doğmalaşmayan kirayə evlərdən yeni mənzillərə daşınmaları əsl dostlar üçün bir fərəhdir. Xoş niyyət və ərklə döyəcəyimiz qapıların sayı artdı. Buna necə sevinməyəsən?

Təkrar deyirəm, bir həftə əvvəl qopmuş tufan səngiyir, bir azdan əvvəlki psixoloji sabitlik bərpa olunacaq. İddialar, ümidlər və gözləntilər artıq təməli atılmış 3-cü binaya yönələcək.

O ümid gündəlik həyatımızda da daimi təqibçimiz olacaq.

Zamanı gözləyək… Vaxt yetişəndə, iddiamızı yenə ortaya qoyaq – bizim üçün də sevinənlərin olacağına inanaraq…

Araz Zeynalov
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 143
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."