www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Dünyada elmin inkişafında ən böyük rolu İslam dini oynayıb”.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Ağacan Abıyevdən sonra keçmiş maliyyə naziri, professor Saleh Məmmədov da “İslam dininin elmə maneə yaratdığı” iddiasının yer aldığı məqalə dərc etdirib.

Məmmədov “Yeni Müsavat”da dərc etdirdiyi məqaləsində Azərbaycanda elm və tərəqqinin geridə qalmasını İslam dininin təsiri ilə əlaqələndirib:

“Başlıca səbəb elmə tamamilə daban-dabana zidd olan İslam psixologiyasının Azərbaycana ciddi surətdə sirayət etməsidir”.

Gözlənildiyi kimi, Məmmədovun bu fikirləri təsirsiz qalmadı və onun bu iddiası kəskin rezonans doğurdu.

Professorun qeyd olunan fikirlərini Yenicag.az-a dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna görə, İslam dinini və Qurani-Kərimi başa düşməyənlər belə gülünc iddia irəli sürürlər:

“Bəziləri əsl İslamla, praktik İslamın fərqini nəzərə almadan fikirlər səsləndirirlər. Əsl İslam tamamilə başqa bir mahiyyətdir. Bir din ki sağlam ağıla və məntiqə istinad edə, insanları maariflənməyə, oxumağa, biliklənməyə, düşünməyə, müşahidəyə, düzgün əqli mühakimələrə çağıra, o, elmin qarşısını necə ala bilər? Axı elmin inkişafı məhz bu məqamlardan asılıdır…

O baxımdan, belə düşünən adamların dedikləri həqiqi İslam deyil, təriqətlər və məzhəblər barəsindədir. Bildiyiniz kimi, təriqətlərin və məzhəblərin isə əsl İslam dininə aidiyyatı yoxdur.

İkinci problem nədən qaynaqlanır? Məlumdur ki, İslam dininin əsas, yeganə kitabı Qurani-Kərimdir. Təriqət və məzhəblərə üz tutan adamlar Qurani-Kərimdən başqa digər kitablara da o qədər inanırlar ki… Həmin kitablarda isə sağlam düşüncəyə sığan məsələlər çox azdır…

Üçüncü məsələ isə Qurani-Kərimi anlamaq problemidir. Qurani-Kərim dünyəvi kitab deyil. Əgər belədirsə, o zaman Qurani-Kərimi dünyəvi kitabları anlamaq metodu ilə başa düşmək mümkün deyil.

Dördüncüsü, Qurani-Kərimdə eyni bir ayə ən müxtəlif elmi sahələrin biliyini verdiyinə görə, elə şəkildə ifadə olunub ki, nağıl, yaxud da tapmaca təəssüratı yaradır.

Ancaq Qurani-Kərimi ilahi kitab metodu ilə anlayandan sonra görürsən ki, eyni bir ayədə elə ciddi, elmi kəşflər verilib ki, onları avropalılar XVI əsrdən sonra kəşf ediblər.

İstənilən fizikdən dalğanı kimin kəşf etdiyini soruşsaz, cavab verəcək ki, Lourens. Qurani-Kərimdə dalğanın mövcudluğu ilə bağlı o qədər aydın ayə var ki, mən bəzən məəttəl qalıram, İslam alimləri niyə bunu indiyə qədər tuta bilməyiblər?

Yaxud da kosmosa çıxmaqla bağlı… Qurani-Kərimdə belə bir ayə var ki, Yerin və Kainatın orbitindən çıxa bilərsiz, ancaq bunun üçün sizə əlavə güc lazımdır. Fizika elmində həmin əlavə güc tapıldı və ötən əsrin ortalarından etibarən kosmosa çıxış gerçəkləşdi. Müsəlmanlar o ayəni vaxtında dərk edə bilmədiklərinə görə xristianlar bu məsələdə də qabağa düşdülər.

Qurani-Kərimdə kvant fizikası, molekulyar fizika, kimya, üzvi kimya, həyatın əmələ gəlməsi və digər elmlər haqqında dəqiq məlumat verən minlərlə ayə göstərmək olar.

O baxımdan, alim olmur, kim olur-olsun, İslam dini və Qurani-Kərim haqqında belə məsuliyyətsiz fikirlər söyləmək, ağıza gələni danışmaq olmaz. Necə olur, Qurani-Kərim nazil olduqdan sonra İslam aləmi bütün dünyada elm və mədəniyyət mərkəzinə çevrildi?

İslam dünyası yalnız XIV əsrdən sonra geriləməyə başladı. O dövrdə xristianlar ümumiyyətlə, elmin nə olduğunu bilmirdilər. Baxın, riyaziyyatın, kimyanın, astronomiyanın əsasını kim qoyub? Elmdə ən fundamental kəşfləri kim edib? Bu gün Avropa hələ də İbn Sinadan, Birunidən, əl-Xarəzmidən yararlanır. Mən hələ dəqiq elmlərdən danışıram, humanitar elmləri, fəlsəfəni və digərlərini qeyd etmirəm. Bunlar hansı dinin, mədəniyyətin yetirmələridir? Əlbəttə ki, İslam dininin.

O dövrdə müsəlmanlar qlobal elmi kəşflərə imza atanda, xristianlar elmlə məşğul olanları tonqalda diri-diri yandırırdılar – Brunonun, Kopernikin aqibətini hamı bilir.

İndi o adamlar necə deyə bilərlər ki, elmi təşviq edən bir din elmin qarşısında maneədir? Hələ 1500 ilə əvvəl Qurani-Kərimdə açıq şəkildə yazılır ki, Mən Yeri və Göyü öz orbiti ətrafında hərəkət edən yaratdım. Avropalılarsa orta əsrlərdə bu sözü deyən adamı diri-diri yandırırdılar. İslam qədər elmə dəstək verən, elmin vacibliyini önə çəkən nə din var, nə də elm.

Sözlərimə örnək olaraq, bir misal çəkirəm. Elm tarixini öyrənən fransız alimi Bernan özünün elmin tarixindən bəhs edən kitabında ən çox İslamın elmə müsbət münasibətinə yer verib. O da yazıb ki, elmin inkişafında ən böyük rolu İslam dini oynayıb.

Mən özüm Qurani-Kərimin ayələri əsasında 6 nəzəriyyə irəli sürdüm və onlardan ikisini Nobel Komitəsinə göndərdim. Yəni mən qısa müddətdə Qurani-Kərimdə bu qədər elmə təkan verən məqamlar aşkar elədim.

Ona görə də bu fikirdəyəm ki, İslam dininin elmə mane olduğunu iddia edənlər dini və Qurani-Kərimi başa düşmədikləri üçün belə gülünc şeylər danışırlar”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1726
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."