!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" tarix yazdı, Aqil Abbas qılınc çıxartdı, "İmarət" mükafatlandırdı - FOTOREPORTAJ

!Reklam – Yazi

Bu gün “Qarabağ”ın ən sadiq azarkeş qrupu “İmarət”in 2017-ci ilin “Tarixin memarı” adlı yekun tədbiri baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qulrbanov və onun futbolçuları, millət vəkilləri Aqil Abbas, Fazil Mustafa, “Əmrahbank”ın prezidenti Yunis İldırımzadə, Qarabağ müharibəsinin iştirakçısı Elməddin Səfərov, muğam ifaçısı Elnur Zeynalov, azarkeşlər, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlara “İmarət”in geridə qalmaqda olan ildəki fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub. Daha sora tədbirin aparıcısı Vasif Qurbanzadə qonaqları salamlayıb.

Ardınca çıxış üçün qonaqlara söz verilib. Tribunadan qonaqları salamlayan millət vəkili Aqil Abbas “Qarabağ”ın beynəlxalq arenada ciddi uğura imza atdığını bildirməklə yanaşı, keçmişə səhayət edib:

“20 ildir siyasətçilərin bacarmadığını “Qarabağ” bacardı. Futbol belə bir idman növüdür. Futboldan böyük idman yoxdur. Düzdü, deyirlər, Azərbaycanda futbol inkişaf edir, amma nədənsə biz bunu görmürük. Bütün klublarımızın “Qarabağ”ın, “Qəbələ”nin səviyyəsinə çatmasını arzulayıram. Mən “Qarabağ”ı təbrik edirəm, bizi sevincdən kövrəltdiniz, ağlatdınız. Mən son zamanlar “Qarabağ”ın oyunlarına baxa bilmirəm. Çox həyəcanlanıram. Adamın ürəyi partlaya bilər. Bir dəfə də “Qarabağ” qol vuranda ürəyim gedib”.

Aqil bəy daha sonra “Qarabağ”ın müdafiəçisi Ansi Aqolliyə qılınc hədiyyə edib. O, hədiyyəni təqdim etməzdən öncə, qılıncla bağlı maraqlı xatirəni yada salıb:

“Bir dəfə Həzrət Əli qılıncı ilə gəlmişdim. “Qarabağ” kubokda “Kəpəz”lə oynayırdı. Sən demə, xəbərimiz olmayıb, uşaqlardan 3-ü oyun satıblar. Nəticədə Gəncə klubuna uduzduq. Demişdim, kim yaxşı oynasa, bu qılıncı ona verəcəm. “Qarabağ” uduzdu deyə, çıxılmaz vəziyyətdə qaldım. Dedim, bəs, qılıncı kimə verim? Münsiflər heyəti yaratmışdıq. Dedilər, “Kəpəz”in futbolçusu Ramiz Məmmədova ver. Bizə başla qol vurmuşdu. İndi də mən bu qılıncı Ansi Aqolliyə bağışlayıram”.

Digər millət vəkili Fazil Mustafanın da çıxışı olduqca maraqlı alınıb:

“Hər kəs işini vicdanla yerinə yetirsə, vətənimizin heç bir problemi qalmaz. Futbol meydanında əbədi qalib yoxdur. Bu gün qalib gələn, sabah məğlub olur. Bu, gözlənilən bir şeydir. Amma bu dövrdə “Qarabağ” adı ilə bir komandanın uğur qazanması, hətta məğlub olanda belə, futbolçuların çökməməsi, xarakterini qoruyub saxlaması böyük işdir. Komanda bütün manelərə baxmayaraq, ayaqda qalmağı bacarır. Bu gün “Qarabağ”da böyük intizam nümunəsi var. Uğurun da başlanğıcı budur. Qurban Qurbanov futbola ədəb gətirən, vətənpərvər ruhunu aşılayan örnək bir məşqçidir. Kimimiz meydanda savaşırıq, kimimiz də nitq söyləyirik. Bizi nitq söyləməyə məcbur edənlər də meydanda savaşanlardır. O insanlar olmasa, bu nitqlərin, bu çıxışların, bu diplomatik danışıqların heç bir mənası olmaz”.

Vaxtı ilə “Qarabağ”a sponsorluq etmiş “Əmrahbank”ın prezidenti Yunis İldırımzadə də “Qarabağ” sayəsində sevincli anlar yaşadıqlarını bildirib:

“”Qarabağ”ın qazandığı uğurları sözlə ifadə etmək çox çətindir. Ağdam klubunun rəhbərliyi başda olmaqla, Qurban Qurbanov və onun futbolçularına bizə sevincli anlar yaşatdıqları üçün təşəkkür edirəm. Onlar böyük bir fədəkarlıq göstərdilər. “Qarabağ” adı ilə Azərbaycan xalqına unudulmaz anlar yaşatdılar”.

Gəncliyi Milli Qəhrəman Asif Məhərrəmovun batalyonunda döyüşməklə keçən müharibə iştirakçısı Elməddin Səfərov da çıxışında “İmarət”li günləri xatırlayıb:

“Bu gün sizin sayınız az deyil. Allah bizə Ağdamda, “İmarət”də azarkeşlik etməyi qismət eləsin. “Qarabağ”ı orda sevək, orda alqışlayaq. 1992-ci ilin əvvəli idi. Şellidə bərk atışma gedirdi. Müharibə yeni-yeni qışızırdı. Həmin günün səhəri də “İmarət”də oyun var idi. Gülağagil məşq edirdi. Gəldilər Afis Məhərrəmovun yanına ki, bəs döyüşlər başlayıb, biz də vuruşmaq istəyirik. Rəhmətlik Fred Asif Gülağaya dedi ki, mən bir səs salsam, bura 11 min döyüşçü yığaram. Amma o 11 minin içindən 11 futbolçu tapa bilmərəm. Gedin siz də futbolunuzu oynayın, meydanda döyüşün. Allah ona rəhmət eləsin .Bu gün də onların ruhu şaddır. O gün olsun ki, gedib torpaqlarımızı azad edib, “İmarət”də “Qarabağ”ı dəstəkləyək. Komandanın rəhbərliyinə, Qurban Qurbanova təşəkkürümü bildirirəm”.

Muğam ifaçısı, səhnəmizin Məcnunu Elnur Zeynalov isə danışmaqla arasını olmadığını bildirib. Belə məqamda isə zala toplaşanlar ondan məharətli səsini işə salmasını rica ediblər. Zeynalov isə öz növbəsində məharətini nümayiş etdirib.

Elnur bəyin ifasından sonra mükafatlandırma mərasimi başlayıb. “İmarət” “Tarixi qol” nominasiyası üzrə “Qarabağ”ın hücumçusu Dino Ndlovunu mükafatlandırıb. “Azarkeşin sevimlisi” isə polşalı müdafiəçi  Yakub Rejniçak seçilib. “İmarət”in dostu” mükafatına isə “CBC Sport”un müxbiri  Vasif Acalov layiq görülüb. “20 ilin ən yaxşı idman nəşri”  “Futbol+” qəzeti, “Ən məşhur “Qarabağ”lı” -Elnur Zeynalov, “İmarət”in dostu”  Fevzi Aras seçilib.  “Qarabağ” uğrunda” medalı  isə albaniyalı müdafiəçi Ansi Aqolliyə təqdim olunub.

Tədbirin sonunda isə çıxış üçün söz Qurban Qurbanova verilib.

Ağdamlıların çalışdırıcısı hər zaman yanlarından olduqları üçün azarkeşlərə minnətdarlığını bildirib: “Uğurlu nəticələrlə sizləri sevindirmişiksə, buna şadıq. Sizlərə uğurlar arzu edirəm. Daima borcumuzu yerinə yetirməyə çalışırıq. Burada mənim adım çox hallanır. Amma daha çox buna layiq olanlar futbolçularımdır. Futbolçularıma da, azarkeşlərimizə də təşəkkürümü bildirirəm”.

EMİN SƏFƏROV

www.yenicag.az

10023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv