yenicag.az

Qətər ram edildi... növbədə Türkiyədir? - “Ankara arxayınlaşmamalıdır” – Ekspert

Qətər ram edildi… növbədə Türkiyədir? – “Ankara arxayınlaşmamalıdır” – Ekspert

Müəllif: Redaktor

Editor

Qətər ətrafında gərginliyin azalması fonunda regional proseslərin Türkiyənin maraqlarına uyğun olmayan istiqamətə yönləndiriləcəyi qənaəti güclənməkdədir.

Yenicag.Az xəbər verir ki, ötən həftə Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb dövlətlərinin Qətərlə siyasi-iqtisadi münasibətləri kəsmələrindən sonra hadisələrin inkişaf xətti qəribə trayektoriya üzrə dəyişməkdədir.

Qeyd edək ki, Qətərə qarşı “ərəb demarşı”nın ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərindən sonra başlaması bu hadisələrin arxasında Ağ Evin yeni sahibinin dayandığına şübhə yeri qoymamışdı. ABŞ prezidenti Donald Trampın Qətəri beynəlxalq terrorizmdə ittiham etməsi və onun ərəb müttəfiqlərinin də Dohaya qarşı eyni ittihamları təkrarlamaları “sinxron addımlar”ın əvvəldən ssenariləşdirildiyini təsdiqləyir.

Lakin maraqlıdır ki, bu bəyanatlarda cəmi bir neçə gün sonra ABŞ-ın Qətərə 12 milyard dollar dəyərində silah, o cümlədən F-15 qırıcıları satması haqda anlaşmanın əldə olunması, həmçinin ABŞ-Qətər birgə hərbi təlimlərinin keçirilməsi üçün hazırlıqlara başlanması situasiyanın kardinal surətdə dəyişdiyini göstərir. Əksər ekspertlərin fikrincə, ABŞ yönləndirdiyi antiQətər koalisiyasının bu formada hərəkətə keçməsi məhz Dohanı bu anlaşmaya vadar etmək məqsədi daşıyıb.

Bu çərçivədə müşahidə olunan digər tendensiya isə Qətər ətrafında gərginliyin səngidiyi ərəfədə Türkiyəyə qarşı çağırışların intensivləşməsidir. Amerikanın hərbi çevriliş nəticəsində hakimiyyətə gətirdiyi Misir diktatoru general Sisi Qətərə qarşı tətbiq olunan sanksiyaların Türkiyəyə də şamil edilməsinə çağırıb. Sisinin bu çağırışı Vaşinqtondan edilən barmaq işarəsindən sonra səsləndirməsi isə Türkiyəni ABŞ-Ərəb koalisiyasının hədəfinə gətirdiyini söyləməyə əsas yaradır.

Regionda yaranmış vəziyyəti və Ankaranın bu situasiyadakı vəziyyətini Yenicag.Az-a şərh edən politoloq Vüqar Zifəroğlu bildirib ki, indiki şəraitdə “zərbə istiqamətinin” Türkiyəyə çevrilməsi gözlənilməz deyildi:

“Ərəb ölkələri arasında konfliktin yaradılması və ardınca Amerikanın tərəflərin hər birinə kifayət qəfər iri məbləğdə silah satışı ilə bağlı razılaşma əldə etməsindən sonra rəsmi Ankaranın aktiv vasitəçilik missiyası həyata keçirtməsi onun hədəfə götürüldüyü qənaətini yaratmaqdadır. Təbii ki, ABŞ-ın ənənəvi ərəb rəqabətindən yararlanmasında təəccüblü heç nə olmasa da, hədəf ucunun qəfil Türkiyəyə yönəlməsi, əslində, baş verənlərin bir o qədər sadə olmadığına dəlalət edir.

Misir prezidentinin dili ilə Türkiyəyə də sanksiyalar çağırışının edilməsi və Qətərlə bağlı böhranın tam gücü ilə davam etdiyi bir dönəmdə İraqın şimalında kürd dövlətinin yaradılması ilə bağlı referendum keçiriləcəyi bəyan edilir. Qərb koalisiyası kürdlərə verdiyi dəstəklə Suriya ərazisində Raqqa üzərinə hücuma başlayır.

Belə bir rəy formalaşır ki, ərəb konflikti sanki həm də İraq və Suriya ərazisində gedən və Türkiyənin maraqlarına uyğun olmayan proseslərə daha adekvat və çevik reaksiya verməsini əngəlləməyə xidmət edir.

Bununla belə, ABŞ-la əldə olunan sövdələşmələr sayəsində Qətər ətrafında gərginliyin tədricən azalması müşahidə olunur. Lakin bu tendensiyanın Türkiyə üçün arxayınlaşdırıcı xarakter daşıdığını söyləmək çətindir. Çünki bölgədə cərəyan edən proseslər, o cümlədən, yuxarıda vurğuladığım məqamlar Ankaranı öz həssaslığını və çevikliyini qoruyub saxlamağa vadar edir”.

A.Zeynalov
Yenicag.Az

Dünya, Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti