Hansı qərb mediasını açırsan, gözlərindən dəhşət saçan, başında qan laxtalanmış üzü saqqallı şəxslərin fotolarını görürsən. Xəbər başlıqları “gəl-gəl” deyir.
“İslam dünyası aşuranı qeyd edir”, “Müsəlmanlar Hüseynə yas tutur” və s.
Bütün dünya oxuyur və hər şey elə bundan sonra başlanır.
Aşura günü
Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.
Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.
Sözümüz onda deyil, gəlin görək, bu günün qeyd olunması nə ilə müşayiət edilir.
Çoxumuz məhərrəmlik daxil olandan çıxana kimi qılıncla parçalanmış başlar, zəncirlə qara tuluq olana kimi döyülmüş bədən şəkilləri görürük.
Kimdir bu fotodakılar?
Axı normalda bütün müsəlmanlar belə fotolara münasibət bildirərəkən, “əsl islam bu deyil” deyə müdafiə mövqeyi tuturlar.
Yaxşı, əsl islam bu deyilsə, o zaman fotodakılar kimdir?
Aktyordur, yoxsa hansısa fobiya filminin, cəhənnəmi andıran səhnələridir?
Səhnənin kuliminasiya nöqtəsində yer alan şəxslər əzədarlardır.
Şəbih çıxarar, yas tutar, ağlayar, imam üçün zillət çəkər.
Ölkəmizdə kim nə deyir desin, əzədarlığın TARİXƏN yüksək səviyyədə inkişafı olub.
Bunun əsl sübutu bütün Şərq xalqlarına məxsus muğamın bizdə daha mükəmməl inkişaf etməsidir.
Yüz illər boyunca ağı deyərək, zümzümə edə-edə muğam kimi musiqinin ensiklopedik səviyyəsini ərsəyə gətirmişik.
Bizim məsələmiz öz yerində, əzadarlığın İmama nə dəxli var?
İmam Hüseynə əzadarlıq
İmam Hüseynin Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir. Xacə Nəsirəddin Tusi vaxtı ilə deyirdi: “Əgər imamlardan göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi.” Ancaq həm Peyğəmbər özü, həm imamlar təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar.
Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər İmam Hüseynə əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin İmam Hüseyn kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin Kərbəlada şəhid olacağını Peyğəmbər özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi. Hədislərin birində deyilir ki, Cəbrayıl Peyğəmbərə nazil olaraq ona bir ovuc torpaq verdi. Peyğəmbər bu torpağın haradan gətirildiyini soruşduqda, Allahın vəhy məleykəsi bunun Kərbəla çölündən gətirdiyini və onun nəvəsi İmam Hüseynin Kərbəlada şəhid olacağını deyir. Bu xəbərdən ağlayan Peyğəmbər həmin torpağı xanımı Ümmü Sələməyə verir və deyir ki, bu torpaq qana bulaşsa Hüseynin şəhid olduğunu bilsin. Bu hadisənin üstündən neçə il ötdükdən sonra Aşura günü Ümmü Sələmə Peyğəmbərin verdiyi torpağın qana bulaşdığını görür və küçəyə çıxıb fəryad edir. Digər bir rəvayətdə İmam Sadiqin Həcc mövsümündə Məkkədə mərsiyyəxanlara pul verib İmam Hüseynə nohə oxutdurduğu da nəql olunur.
Yuxarıdakı fikirlər, iqtibasdır.
İndi isə əzədarlıq anının üzə çıxan baş yarmaq, zəncir vurmaq anına gələk.
Şiə məzhəbinə məxsus olan şəxslər bəzən dini ayinin icrası zamanı həddindən artıq hissə qapılırlar.
Onların balaca uşaqlarının alının ülgüclə çirtməsi, qan alması, zəncirlə kürəyini 4 köşə etməsi günümüzün önə çıxan mənzərəsidir.
Bütün Qərb mediası və dünya bunu islam adına təqdim edirlər.
Dolayısı ilə islamın qan, vəhişilk dini olmasını altşüura yerləşdirirlər.
Gəlin görək, bu təsəvvürü yaratmaq üçün onlara material verən kimdir?
Başqa yerdə düşmən axtarmaq kimi bir xasiyyətimiz var.
Elə isə…
Şiə məzhəbində bu əməl haram hesab olunur. Belə ki, bütün şiə müctəid və alimləri fikir birliyindədirlər ki:
1. İnsanın öz-özünə xəsarət yetirməsi haramdır.
2. Bir müsəlmanın törətdiyi əməl İslam icmasını gözdən salır, yaxud onun nüfuzuna xələl gətirirsə, həmin əməl haramdır.
Azərbaycan aşura mərasimi ilə bağlı olan bu neqativ hallara son qoymaqdadır.
Birbaşa QMİ və oxşar idarələrin təşəbbüsü ilə qanvermə aksiyasının əsası qoyuldu. Bizim əzədarlıq, bizim aşuramızını səviyyəsi budur, hansı ki, o bizim mədəniyyətimizin əsas göstəricisidir. Ən azından İQ səviyyəsinin ortadan yuxarı olmağının haqqını veririk.
İnsan həqiqətən də, iki dünyada borcunu bilib, günahını yuyub, savabını qazanmaq üçün çalışırsa, buna görə məhz aşuranı gözləməməlidir. Yox əgər, həmin günün savabını daha artıq olacağını hesab edirsə, qan versin, qan tökməsin. Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.
Bax, onlara lazımdır, qan.
Hüseynin adı qana möhtac olan, həyata davam etmək üçün ümidlərini Allaha bağlayan insanlara köməkdir.
Aşura xilas etməkdir.
Özü də bütün bəşəriyyəti.
Dünyanı düşünə bilməyən beyin, imam üçün xəncərlə doğransa da boşdur, doğranmasa da…(Atv.az).
Əziz Əlibəyli
www.yenicag.az