!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1 aprel zarafatlarının tarixi: Dünyaya səs salan media aldatmacaları - FOTOFAKTLAR

!Reklam – Yazi

1 aprel tarixi əksər ölkələrdə Gülüş Günü kimi qeyd olunur. Bu tarix Gülüş Günü olduğundan həmin gündə insanlar çoxlu zarafatlarla qarşılaşa bilirlər.

Bəs bu gün zarafat etmə adəti haradan gəlir?

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2 min il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

Bəzi araşdırmaçıların fikrincə, bu ənənənin kökü Avropada təşkil edilən bahar şənliklərinə gedib çıxır. Təbii, ənənə artdıqca zarafatların dozaları da artıb.

Yenicag.az sizin üçün bu tarixdə edilmiş və geniş kütlələr tərəfindən ciddi qəbul olunmuş zarafatları toplayıb.

İsveçrədə Spagetti yığımı

1957-ci ildə BBC-nin “Panorama” proqramında yayımlanan xəbərdə isveçrəlilərin ağacda spagetti yetişdirdikləri qeyd edilib. Bu zarafatdan sonra çox sayda izləyici BBC-yə zəng edərək öz spagettilərini necə yetişdirə biləcəklərini soruşublar.

Neylon corabla rəngli televizor

1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib. Bir çox isveçli hələ də valideynlərinin o dönəm televizorlara corabları necə “geyindirdiklərini” danışırlar.

Edisonun “yemək maşını” – 1878

“New York Graphic”in Tomas Edisonun “yemək maşını” icad etdiyi ilə bağlı zarafatı da geniş əks-səda doğurub. Xəbərdə bu “yemək maşını”nın torpağı taxıla çevirdiyi bildirilib. Xəbər o qədər yayılıb ki, hətta Edison dühası ilə bağlı elmi məqalələr də yazılıb.

Solaxaylar üçün hamburger

1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.

Uçan pinqvinlər

BBC-də yayımlanan verilişdə Antarktikada uçan pinqvinlərin kameralara yaxalandığı xəbəri verilib.

Buz qurdu

“Discover” dərgisi 1995-ci il 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Xəbərdən sonra dərgiyə minlərlə məktub gəlib.

Cazibə qüvvəsinin azalması

İngilis araşdırmaçı Patrik Mur 1976-cı ildə BBC-yə verdiyi açıqlamada aprelin 1-i saat 09:47-də Platonun Yupiterin arxasına keçəcəyini, bunun da dünyadakı cazibə qüvvəsini azaldacağını qeyd edib. Mur həmin an tullanan şəxslərin havada üzəcəklərini də bildirib. Həmin gün saat 09:47-dən sonra BBC-yə zəng edən yüzlərlə adam havada üzdüyünü deyib. Hətta bir qadın özü ilə birlikdə 11 dostunun da havada gəzdiyi məlumatını verib.

Vulkan zarafatı

1974-cü ildə Alyaskanın Sitka ərazisində yaşayanlar səhər oyandıqlarında “Edgecumbe” vulkanından qara tüstünün ətrafa yayıldığını görüblər. İnsanlar həyəcan və təşvişlə bölgədən uzaqlaşmağa çalışıblar. Sonda bunun Porki Bikar adlı sakinin zarafatı olduğu anlaşılıb.

Televizorda qoxu duyma

Yenə BBC 1965-ci ildə xüsusi aromatlar vasitəsilə studiyada hazırlanan şeylərin qoxusunun televizorlarda hiss edilə biləcəyi xəbərini verib. Minlərlə izləyici bunu doğrulamaq üçün kanala zəng edib.

Olmayan ölkə

İngiltərənin “Guardian” qəzeti 1977-ci ildə Hind okeanında San Serriffe adlı uydurma ölkənin 7 səhifəlik təqdimatını yayımlayıb. Təqdimatda ölkənin paytaxtının Bodoni olduğu və General Pika tərəfindən idarə edildiyi bildirilib.

Eyfel qülləsi köçürülür

Fransanın “The Parisien” qəzeti isə 1986-cı ildə Eyfel qülləsinin yerinin dəyişdiriləcəyi, həmin ərazidə isə 35 min nəfərlik stadion inşa ediləcəyi məlumatını paylaşıb. Xəbər fransızlar tərəfindən qəzəblə qarşılanıb.

Sokratın məzarı tapıldı

Yunanıstanın Mədəniyyət Nazirliyi də 1 aprel günü zarafatından geri qalmayıb. Nazirlik 1995-ci ildə Afinada metro ilə bağlı aparılan qazıntılar zamanı Sokratın məzarının tapılması məlumatını paylaşıb. Fransanın məşhur xəbər Agentliyi AFP məlumatı oxucularına çatdırdıqdan bir neçə saat sonra xəbərin zarafat olduğu anlaşılıb.

“Twitter”in sait zarafatı

“Twitter”in 2013-cü ildə etdiyi zarafat hələ də yaddaşlardadır. Belə ki, sosial şəbəkə platforması “Twitter”də sait yazılmasının qadağan edildiyini və “Twitter”in adının “Twttr” olacağını açıqlayıb. Saitlərdən istifadə etmək istəyən şəxslərin isə 5 dollar ödəyəciyi bildirilib.

AA zarafatları

Türkiyənin “Anadolu” Agentliyi də müxtəlif zarafatlarla gündəm olub. Agentlik 2009-cu ildə “Dünyaya çox oxşayan planet kəşf edildi”, 2012-ci ildə “Hamiləliyin davam etmə müddəti 5 aya enir” və 2016-cı ildə “Böyüyən robot ixtira edildi” başlıqları ilə oxucuları təəccübləndirmişdi.

Topladı: Aqil Bəkir

Mənbə: “Wikipedia” , TRT.

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv